Bu gün ölkəmizdə idman gimnastikası üzrə Dünya kuboku yarışları keçirilir.
"Olimpnews.az" xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən və artıq Bakıda üçüncü dəfədir ki, təşkil olunan kubok yarışlarında medallar uğrunda 26 ölkədən 100-dən çox gimnast mübarizə aparır.
Kişi idman gimnastları günün birinci yarısında ilk təsnifat mərhələsində sərbəst hərəkətlər, paralel qollarda güclərini sınayırlar. Günün ikinci yarısında isə halqalarda bacarıqlarını nümayiş etdirəcəklər. Qadın idman gimnastları isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollarda yüksək xal yığmağa çalışırlar.
Turnirin ilk günündə ölkəmizi kişi idman gimnastlarından Murad Ağarzayev sərbəst hərəkətlərdə, Timur Bayramov paralel qollarda, qadınların mübarizəsində isə Yuliya İnşina və Marina Nekrasova dayaqla tullanmada təmsil edirlər.
İştirakçı ölkələrdən Çili və Taypey (Çin) yığma komandalarının üzvləri Milli Gimnastika Arenasında debüt çıxışlarını edəcəklər. Ölkəmizdə təşkil olunan yarışlarda ilk dəfə iştirak edən Çili komandasından bir gimnast, Taypeydən isə 3 gimnast medallar uğrunda mübarizə aparır. Bakının ev sahibliyi Dünya kuboku yarışlarında ən çox idmançı ilə təmsil olunan Sloveniya, Yunanıstan və Türkiyə komandalarıdır.
Gimnastika həvəskarları bu yarışlarda Olimpiya Oyunlarının qızıl mükafatçısı, 2 qat dünya, 3 qat Avropa çempionu, yunanıstanlı Elefterios Petruniasın möhtəşəm çıxışlarını izləmək imkanı əldə edəcəklər. Bundan başqa, tamaşaçılar qadın idman gimnastları arasında öz çıxışları ilə idmanda yaş stereotipinə qarşı çıxan, 28 illik peşəkar idman karyerasına malik olan özbəkistanlı Olimpiya çempionu, dəfələrlə dünya və qitə yarışlarının mükafatçısı Oksana Çusovitinanın çıxışlarını izləyəcəklər.
İdman həvəskarları həm də Çini təmsil edən dünya çempionları Fan Yilin (qadınlar, müxtəlif hündürlüklü qollar), eləcə də, dünya çempionu You Haonun (kişilər, parallel qollar) çıxışlarına baxa biləcəklər.
Azərbaycanı bu yarışlarda kişilər arasında Murad Ağarzayev, Timur Bayramov və Bense Talas, qadınlar arasında isə Yuliya İnşına, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.
Məlumat üçün bildirək ki, 4 gün müddətində keçiriləcək yarışlarda kişilər arasında 6, qadınlar arasında isə 4 cüt medal öz sahibinə qovuşacaq.
Yarışlara martın 18-də yekun vurulacaq.