Milli Gimnastika Arenasında ilk günün finalçıları bəlli olub

Milli Gimnastika Arenasında ilk günün finalçıları bəlli olub

Martın 15-də Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kuboku yarışlarına start verilib.

"Olimpnews.az” saytı xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında sərbəst hərəkətlər və paralel qollar üzrə yarışlarda finalçılar bəlli olub.

Sərbəst hərəkətlər üzrə təsnifat mərhələsində sloveniyalı Rok Klavora (14.166 xal) 1-ci, yaponiyalı Kazuma Kaya (14.100 xal) 2-ci, gürcüstanlı Konstantin Kuzovkov (14.033 xal) 3-cü olub. Bundan başqa, 13.966 xalla 4-cü olan çinli Jile Mu, 13.966 xalla 5-ci olan hollandiyalı Bram Verhofştad, 13.966 xalla 6-cı olan yaponiyalı Kenta Çiba, 13.933 xalla 7-ci olan ukraynalı Volodumur Hrybuk, 13.833 xalla 8-ci olan finlandiyalı Heikki Saarenketo finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycan idmançısı Dariy Morozov təsnifat mərhələsində 13.000 xalla 20-ci, Murad Ağarzayev 12.766 xalla 21-ci yerə qərarlaşıb.

Dünya kuboku yarışlarında paralel qollarda isə finala aşağıda adları çəkilən idmançılar adlayıb.

14.900 xalla 1-ci olan türkiyəli Ferhat Arıcan, 17.633 xalla 2-ci olan yaponiyalı Kenta Çiba, 14.333 xalla 3-cü olan bolqarıstanlı Andrey Likovitskiy, 14.300 xalla 4-cü olan italiyalı Matteo Levantesi, 14.166 xalla 5-ci olan digər italiyalı Karlo Maççini, 14.133 xalla 6-cı olan yaponiyalı Fuya Maeno, 14.000 xalla 7-ci olan çinli Xinqyu Lan və 13.933 xalla 8-ci olan tayvanlı Kai Çih Lii müabarizə aparacaq.

Qeyd edək ki, bu növdə yarışan Azərbaycan idmançısı Timur Bayramov təsnifat mərhələsində 12.733 xalla 18-ci olub.

Yarış martın 18-də yekunlaşacaq.