Azərbaycan gimnastı Marina Nekrasova Dünya kuboku yarışlarının gümüş medalına sahib olub
"Olimpnews.az" xəbər verir ki, martın 15-18-də Bakıda idman gimnastikası üzrə keçirilən Dünya kuboku yarışlarına yekun vurulub. Milli Gimnastika Arenası üçüncü dəfə idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edib.
Yarışlarda 24 ölkədən 100-dən çox gimnast qüvvəsini sınayıb. Turnirin ilk iki günündə kişi və qadın gimnastları sərbəst hərəkərlər, parallel qollar, dayaqlı tullanma, halqalar, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, dəstəli at və turnikdə təsnifat yarışlarında iştirak ediblər. Son iki günü isə idmançılar ayrı-ayrı alətlər üzrə finallarda medallar uğrunda mübarizə aparıblar. Yrışlarda kişilər arasında 6, qadınlar arasında isə 4 cüt medal öz sahibinə qovuşub.
Gimnastika həvəskarları bu yarışlarda Olimpiya çempionu, 2 qat dünya, 3 qat Avropa çempionu, yunanıstanlı Elefterios Petruniasın möhtəşəm çıxışlarını izləmək imkanı əldə ediblər. Bundan başqa, tamaşaçılar qadın idman gimnastları arasında öz çıxışları ilə idmanda yaş stereotipinə qarşı çıxan, 28 illik peşəkar idman karyerasına malik olan özbəkistanlı Olimpiya çempionu, dəfələrlə dünya və qitə yarışlarının mükafatçısı Oksana Çusovitinanın çıxışlarını izləyiblər.
İdman həvəskarları həm də Çini təmsil edən dünya çempionları Fan Yilin (qadınlar, müxtəlif hündürlüklü qollar), eləcə də, dünya çempionu You Haonun (kişilər, parallel qollar) çıxışlarına maraqla baxıblar.
Azərbaycanı Dünya kuboku yarışlarında kişilər arasında Murad Ağarzayev, Timur Bayramov və Bense Talas, qadınlar arasında isə Yuliya İnşına, Marina Nekrasova və Mariya Smirnova təmsil ediblər.
Martın 15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilib. Əvvəlcə iştirakçı ölkələrin paradı olub.
Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçıları salamlayaraq bildirib ki, bu gün Azərbaycan idmançılarının dünya standartlarına cavab verən müasir arenalarda məşq etmək imkanı var: "Atletlərimiz dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlarda iştirak edir, paytaxtımızda idmançılarımız mütəmadi olaraq mötəbər turnirlərdə mübarizə aparırlar. Azərbaycanda bir çox irimiqyaslı yarışlar təşkil olunur. Bütün bunlar həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsidir. Azərbaycanın birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiysasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən mötəbər yarışlar ölkəmizdə idmanın kütləviləşməsinə və gənc nəslin sağlam böyüməsinə xidmət edir. Son illər ölkəmizdə gimnastikanın inkişafı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. 2017-ci ilin yekunlarına görə, Beynəlxalq Gimnastika Federasiyasının Azərbaycan Gimnastika Federasiyasını birinci yerə layiq görməsi, federasiya nümayəndələrinin beynəlxalq gimnastika təşkilatlarında fəal iştirakı aparılan düzgün idman siyasətinin nəticəsidir”.
Yusuf Məmmədəliyev bildirib ki, artıq üçüncü ildir Milli Gimnastika Arenası idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edir. Milli Gimnastika Arenası təkcə yerli idmançıların deyil, həmçinin buraya gələn xarici atletlərin də sevimli məkanlarındandır. "Əminəm ki, idmançılar dünya kubokunda uğurla çıxış edəcək, tamaşaçılar isə zövq alacaqlar. Novruz bayramı ərəfəsində 24 ölkədən idmançılar Bakıda öz çıxışları ilə paytaxt sakinlərinə əsl idman bayramı sevinci yaşadacaqlar”, - deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.
Gimnastlara qələbə arzulayan Yusuf Məmmədəliyev dünya kuboku yarışlarını açıq elan edib.
Adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə və azyaşlı gimnastlar dövlət himnimizi səsləndiriblər.
Açılış mərasiminin bədii hissəsində diqqət çəkən məqamlardan biri gimnastika növləri üzrə yığma komandaların "Gimnastika - gələcəyin səsi” şüarı altında birləşməsi olub. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliğini özünə başlıca məqsəd seçmiş Azərbaycan Gimnastika Federasiyası bu şou proqramla bir daha yarış iştirakçılarına çağırış edib.
Mərasim bədii hissə ilə davam etdirilib.
Martın 17-də Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunun final mərhələsinin ilk gününə yekun vurulub. Final mərhələsinin birinci günündə kişilərin yarışında sərbəst hərəkətlər, halqalarda və paralel qollarda, qadınların mübarizəsində isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda yarışlarında medalların sahibləri müəyyənləşib.
Qadınların mübarizəsində dayaqlı tullanma yarışında Marina Nekrasova (14,216 xal) gümüş medala sahib olub. Yarışda özbəkistanlı Oksana Çusovitina (14,300 xal) qızıl, sloveniyalı Tjasa Kisselef bürünc medal qazanıb. Digər təmsilçimiz Yuliya İnşina (13.466 xal) dördüncü pillədə qərarlaşıb.
Kişilər arasında sərbəst hərəkətlər üzrə yarışda yaponiyalı Kazuma Kaya (14,233 xal) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerə ukraynalı Volodimir Hribuk (14,200 xal) layiq görülüb. Sloveniyalı Rok Klavora (14,100 xal) isə üçüncü yerdə qərarlaşıb.
Yarışlarda kişilər arasında halqalarla hərəkətlərdə Yunanıstan təmsilçisi Elefterios Petrounias çempion adını qazanıb. Olimpiya çempionu Bakıda keçirilən Dünya kuboku yarışlarında çətinləşdirilmiş proqramını nümayiş etdirib. O, halqalarda hərəkətlər üzrə hakimlərdən ən yüksək -15,400 xal alıb. Türkiyəli gimnast İbrahim Çolak (15,100 xal) gümüş, çinli Xingyu Lan (14,866 xal) bürünc medala sahib olub.
Kişilər arasında paralel qollarda hərəkətlərdə isə yaponiyalı Kenta Çiba (14,966 xal) qızıl medal qazanıb. Belarus təmsilçisi Andrey Lixovitski (14,666 xal) ikinci, türkiyəli Fərhad Arican (14,366 xal) isə üçüncü yeri tutublar.
Qadınlar arasında müxtəlif hündürlüklü qollar yarışında qızıl və gümüş medalları Çinin aktivinə yazılıb. Bu ölkənin təmsilçisi Ciaqi Lyu 14,833 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Huan Luo (14,433 xal) gümüş medala layiq görülüb. İlk üçlüyü ukraynalı Yana Federova (13.033 xal) tamamlayıb.
Özbəkistanlı Oksana Çusovitina və Gürcüstan təmsilçisi Konstantin Kuzovkov Azərbaycan Gimnastika Federasiyasının kuboku (AGF TROPHY) mükafatına layiq görülüblər.
Martın 18-də kişi gimnastlar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə, qadın idmançılarda isə gimnastika tiri və sərbəst hərəkətlərdə final yarışları keçirilib.
Kişilər arasında dayaqlı tullanmada Belarus təmsilçisi Pavel Bulauski (14.283 xal) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Filippinli gimnast Yulo Carlos Edrial (14.183 xal) dünya kubokunun ikincisi olub. İlk üçlüyü isə gürcüstanlı Konstantin Kuzovkov (14.133 xal) tamamlayıb.
Qadınların gimnastika tiri yarışında qızıl və gümüş medallar Çinin aktivinə yazılıb. Bu ölkənin təmsilçiləri Huan Luo 13,400 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Jiaqi Lyu (1,933 xal) gümüş medala layiq görülüb. Üçüncü yerə isə özbəkistanlı Oksana Çusovitina (12.866 xal) çıxıb.
Kişilər arasında dəstəli at yarışında qalib Çin idmançısı Hao Venq 15,100 xal toplayaraq bütün rəqiblərini üstələyib. İkinci yerdə Çin Taypey təmsilçisi Lee Çih Kai (14,766 xal) qərarlaşıb. İlk üçlüyü isə yaponiyalı Takaaki Sugino (14,633 xal) tamamlayıb.
Qadınlar arasında sərbəst hərəkətlərdə Ana Derek 13,533 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya kuboku yarışlarının gümüş medalına yunanıstanlı İoanna Xoulogi (12,733 xal) sahib olub. Türkiyə gimnastı Demet Mutlu (12,566 xal) isə üçüncü yerə çıxıb.
Qeyd edək ki, sərbəst hərəkətlərdə ölkəmizi təmsil edən Yuliya İnşina türkiyəli gimnastla eyni xalı toplasa da, hakimlərin qərarına əsasən dördüncü pillədə yer alıb.
Kişilər arasında turnik növü üzrə gedən mübarizədə Hollandiya təmsilçisi 14,700 xal toplayaraq dünya kubokunun qızıl medalını qazanıb. Fəxri kürsünün ikinci pilləsində Belarus gimnastı Andrey Lixovitski (14,200 xal) qərarlaşıb. Bürünc medalın sahibi isə xorvatiyalı Anton Kovaçevic (14,166 xal) olub.
Sonda bütün qalib idmançılara medallar təqdim edilib.
Beləliklə, ölkəmizin dörd gün ərzində ev sahibliyi etdiyi idman gimnastikası üzrə Dünya kuboku yarışlarına yekun vurulub.
Məlumat üçün bildirək ki, aprel ayı Azərbaycan gimnastika üzrə 3 mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Aprelin 12-də ölkəmizdə batut gimnastikası, tambilinq və ikili mini-batut üzrə 26-cı Avropa çempionatı, aprelin 23-də bədii gimnastika üzrə beynəlxalq AGF Junior Trophy turniri və aprelin 27-də bədii gimnastika üzrə FİG Dünya kuboku AGF Trophy yarışları keçiriləcək.
Səadət Hakıyeva