Sofiyadan 4 medal

Sofiyadan 4 medal





Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı "Dan Kolov - Nikola Petrov” adı altında beynəlxalq turnir təşkil edilib. 

"Olimpnews.az"ın məlumatına görə, ölkəmizi bu yarışda uğurla təmsil edən pəhləvanlarımız vətənə 4 (2 qızıl və 2 bürünc) medalla qayıdıblar.

Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (72 kq) qızıl və qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) turnirin baş mükafatına layiq görülüblər.
Daha bir yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Elis Manolova (65 kq) isə bürünc medal qazanıblar.
Mübarizəyə 1/8 finaldan başlayan Rəsul Çunayev (72 kq) ilk olaraq Polşa, ardınca Rumıniya idmançısını vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisini də üstələyən güləşçimiz finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Fransa təmsilçisi olub. Vaxtından əvvəl rəqibini məğlub edən Rəsul Çunayev turnirin qızıl medalını qazanıb.

65 kq çəkidə mübarizə aparan qadın güləşçimiz Elis Manolova ilk olaraq Yunanıstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Ardınca Rusiya idmançısından üstün olan güləşçimiz yarımfinalda Çexiya təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Elsi Manolovanın rəqibi Macarıstan idmançısı olub. Rəqibini üstələyən güləşçimiz turnirin bürünc medalına sahib olub.

Martın 24-də yunan-Roma güləşçimiz Elman Muxtarov (67 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) mübarizəyə qoşulub.
Bütün rəqiblərini tam üstünlüklə məğlub edən Mariya Stadnik turnirin finalına yüksəlib. Həlledici görüşdə Rusiya təmsilçisinə qalib gələn güləşçimiz turnirin baş mükafatını qazanıb.

İlk görüşündə məğlub olsa da rəqibin finala yüksəlməsilə bürünc medal şansı qazanan Elman Muxtarov bu şansdan maksimum yararlanıb. Əvvəlcə Yaponiya, ardınca isə Türkiyə idmançısına qalib gələn güləşçimiz turnirin bürünc mesalını qazanıb.

Beləliklə, məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında 2 güləşçi ilə Bolqarıstana yollanan yunan-Roma yığmamız turniri 1 qızıl və 1 bürünc medalla başa vurub. Eyni sayda güləşçi ilə təmsil olunduğumuz qadın güləşi yarışlarında da yığmamız 1 qızıl və 1 bürünc medala sahib olub.