Türkiyənin Gebze şəhərində yeniyetmələr arasında keçirilən 21-ci "Zəfər kuboku” adlı beynəlxalq turnir başa çatıb.
Ölkəmizi dörd gün ərzində Türkiyədə uğurla təmsil edən sərbəst, yunan-Roma və qadın güləşçilərimiz vətənə 20 (7 qızıl, 5 gümüş və 8 bürünc) medalla qayıdıblar.
Komandamızın aktivinə 7 ( 3 qızıl, 2 gümüş və 2 bürünc) medalı sərbəst güləşçilərimiz qazandırıb. Belə ki, Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Fuad Mayılov (80 kq), İslam Abuyev (110 kq) gümüş, Riyad Aslanov (51 kq), Sabir Cəfərov (60 kq) isə bürünc medala sahib olublar. Ümumi nəticədə, sərbəst güləş yığmamız komanda hesabında ikinci yeri tutub. Türkiyə birinci, Rusiya yığması isə üçüncü nəticə göstərib.
Qadın güləşçilərin yarışında da 7 (3 qızıl, 1 gümüş, 3 bürünc) medal əldə olunub. Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) Nigar Mirzəzadə (65 kq) qızıl, Şahanə Nəzərova (43 kq), gümüş, Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnur Məmmədova (61 kq) isə bürünc medalla yarışları başa vurublar. Yeniyetmə qadın güləşçilərimiz də komanda hesabında Türkiyədən sonra ikinci yerdə qərarlaşıb. Rumıniya güləşçiləri isə üçüncü yeri tutublar.
Yunan-Roma güləşçilərimiz isə beynəlxalq turniri 6 (1 qızıl, 2 gümüş və 3 bürünc) medalla başa vurublar. Həsrət Cəfərov (51 kq) turnirin qızıl medalını qazanıb. Qurban Qurbanov (45 kq), Röyal Mirzəliyev (51 kq) gümüş, Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq), Laçın Vəliyev (92 kq) isə bürünc medala layiq görülüblər. Beləliklə, yunan-Roma güləşçilərimiz komanda hesabında üçüncü yeri tutublar. Türkiyə birinci, Gürcüstan komandası ikinci olub.
Məlumat üçün bildirək ki, "Zəfər kuboku" beynəlxalq turnirində əldə olunan nəticə aprelin 23-29-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatı üçün mühüm əhəmiyyətə malik idi.
Bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziyalar məhz Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə qızıl medal alan güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.