Universal döyüş üzrə beynəlxalq turnirə yekun vuruldu

Universal döyüş üzrə beynəlxalq turnirə yekun vuruldu


Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçirildi. Yarışda Rusiya, Özbəkistan, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Belarus, Rumıniya və s. ölkələrdən 400-dək idmançı bacarığını nümayiş etdirdi. Yeniyetmə, gənclər və böyüklər arasında keçirilən turniri 16 hakim idarə edirdi. Mayın 7-də beynəlxalq turnirin açılış mərasimi oldu. Yarışdan əvvəl Azərbaycan Universal Döyüş Federasiyası, Qusar rayon Gənclər və İdman İdarəsi, Qusar Olimpiya İdman Komleksinin rəhbərliyi ümummilli lider Heydər Əliyevin Qusarda yerləşən abidəsini ziyarət edərək abidənin önünə əklil qoydular.

Beynəlxalq turnirin açılış mərasimində Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov, Qusar şəhər bələdiyyəsinin sədri Əlfəddin İbrahimov, Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Babək Həmidov, "İnter”PİK-in idman bölmələri üzrə əlaqələndiricisi Fəxrəddin Qarayev iştirak edirdilər. Əvvəlcə çıxış edən Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi tarixində müstəsna xidmətləri olduğunu qeyd etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən danışan A. Həsənov ulu öndərin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində Azərbaycanın əbədi müstəqillik qazandığını bildirdi. Ulu öndərin xatirəsinin daim qəlblərdə yaşadığını deyən federasiya prezidenti ümummillli lider Heydər Əliyevin xatirəsinə həsr olunan universal döyüş üzrə yarışın ölkəmizdə ənənəvi olaraq 2004-cü ildən keçirildiyini xatırlatdı. O, bu yarışın ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini vurğuladı.


Ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyən A. Həsənov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Azər müəllim respublikamızın müxtəlif bölgələrində beynəlxalq yarışları keçirməyə imkan verən müasir standartlara uyğun Olimpiya idman komplekslərinin tikilib idmançıların istifadəsinə verildiyini qeyd etdi. Federasiya prezidenti universal döyüşün gənclərin hərbi-vətənpərvər ruhda yetişməsində böyük rol oynadığını dedi.


Qusar rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə rayonda silsilə tədbirlərin keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qusarda universal döyüşün böyük populyarlıq qazandığını deyən Emil Əmirmətov belə yarışların bölgələrdə təşkilinin idmanın inkişafı və təbliğinə xidmət etdiyini bildirdi. Qusar şəhər bələdiyyəsinin rəisi Əlfəddin İbrahimov öz çıxışında yarış iştirakçılarına gərgin mübarizədə uğurlar arzuladı.




Yarış açıq elan olunduqdan sonra Dövlət himni səsləndirildi. Açılış mərasiminin sonunda Azərbaycan Universal Döyüş Federaysiasının rəhbərliyi tərəfindən Qusar şəhər bələdiyyəsinin sədri Əlfəddin İbrahimov, Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov, Qusar Olimpiya İdman Kompleksinin direktoru Babək Həmidov, "İnter”PİK-in idman bölmələri üzrə əlaqələndiricisi Fəxrəddin Qarayeva turnirin fəxri diplomları təqdim edildi. Böyüklər arasında keçirilən yarışlarda 9 çəki dərəcəsindən 4-də Azərbaycan yığmasının üzvləri qalib adını qazandılar. Özbəkistan yığması 3 qızıl, Rusiya və Gürcüstan komandasının üzvləri isə hərəyə 1 qızıl medal əldə etdilər. Yekun nəticəyə əsasən təmsilçilərimiz 4 qızıl, 2 gümüş, 4 bürünc medalla ümumi hesabda birinci oldu. Özbəkistan yığması ikinci pillədə qərarlaşdı. Rusiya və Gürcüstan komandaları üçüncülüyü bölüşdülər. Yeniyetmə və gənclər arasında keçirilən yarışlarda 10 qızıl, 7 gümüş, 11 bürünc medalla yığmamız birinci pillədə qərarlaşdı. Özbəkistan yığması bu yaş qrupu üzrə yarışlarda da ikinci pillədə qərarlaşdı. Türkiyə idmançıları üçüncü yeri tutdular.
Yarışlar başa çatdıqdan sonra yerli və xarici mütəxəssislərin yarışla bağlı fikirlərini öyrəndik.

Azər Həsənov,
Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının vitse-prezidenti:
- Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış gənclərimizin sağlam ruhda böyüməsinə, onların beynəlxalq yarış təcrübəsinin artırılmasına xidmət edir. Bu il ulu öndərin xatirəsinə ənənəvi keçirdiyimiz beynəlxalq turnirin 10 illik yubileyidir. Bu yarışın Qusarda təşkili universal döyüşün bölgələrdə təbliğinə xidmət edir. Federasiya Azərbaycan Gənclər və idman Nazirliyi ilə birgə Qusarda bu növ üzrə dəfələrlə Avropa miqyaslı yarışlar təşkil edib. Bu yarışın təşkilində bizə dəstək olduqlarına görə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə öz minnətdarlığımıı bildirirəm. Mayın sonunda cüdo üzrə Olimpiya çempionu, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Sergey Novikovun şərəfinə beynəlxalq turnir keçiriləcək. İyunda isə böyüklər arasında Avropa çempionatı olacaq. Əsas məqsəd idmançılarımızın bu yarışlarda ölkəmizin idman şərəfini layiqincə təmsil etmələridir.

Timur Daneliya,
Gürcüstan komandasının məşqçisi:
- Üç ildir ki, beynəlxalq turnirdə iştirak etmək üçün Azərbaycana səfər edirəm. Bu yarışa 6 idmançı ilə qatılmışıq. İdmançılarımız çox yaxşı çıxış etdilər. Budəfəki yarışda əsasən gənc idmançılarımıza üstünlük vermişik. Son dövrlərdə Gürcüstanda bu idman növünün inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda isə bu növün inkişafı yüksək səviyyədədir. Azərbaycanda idmanın inkişafı üçün hərtərəfli şərait var.

İslam Kurbanov,
Rusiya yığmasının idmançısı:
- Beynəlxalq turnirdə 5 idmançımız qüvvəsini sınadı. Komandamız ümumi hesabda üçüncü oldu. Yığma üzvlərinin çıxışını qənaətbəxş hesab etmək olar. Bu yarışlara hazırlığı məşqçilərimiz Maqomed Şirvanov, Oleq Maqomedovun rəhbərliyi altında keçmişdik. Azərbaycanda universal döyüş yüksək səviyyədə inkişaf edir. Bu yarışda Azərbaycan yığmasının üzvlərinin ciddi müqaviməti ilə üzləşdik.

Murad Xanturayev,
Özbəkistan yığma komandasının baş məşqçisi:
- Beynəlxalq turnirdə 7 idmançı ilə təmsil olunduq. Komandamızın üzvləri turnirdə 3 qızıl medal əldə etdilər. Azərbaycanda idman yüksək səviyyədə inkişaf edib. Bu, sevindirici haldır. Ənənəvi olaraq belə turnirlərin təşkili idmançıların inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Yarışın Qusar kimi gözəl təbiəti olan bölgədə keçirilməsi onu göstərir ki, Azərbaycanın regionlarında da idmanın inkişafına xüsusi diqqət yetirilir.

Aysel Sultanova