Beynəlxalq Açıq kubok yarışı başa çatıb

Beynəlxalq Açıq kubok yarışı başa çatıb

Mayın 10-dan 12-nə qədər Nabranda, ölkəmizin tarixində ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə şərəfinə səmt idmanı üzrə beynəlxalq Açıq kubok yarışı keçirilib. Yarışdan əvvəl rəsmi açılış mərasimi və mətbuat konfransı təşkil olunub.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb. Turnirin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Səmt İdmanı Federasiyasının (SİF) prezidenti Mirəli Kazımov, Beynəlxalq Səmt İdmanı Federasiyasının nümayəndəsi Tatyana Qələndəroğlu, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko, Türkiyə Səmt İdmanı Federasiyasının prezidenti Təkin Çolakoğlu və Gürcüstan Səmt İdmanı Federasiyasının prezidenti Akaki Xvedelidze çıxış ediblər.
Mirəli Kazımov qeyd edib ki, iyirmi il əvvəl ümummilli lider Heydər Əliyev idmançılarımızın bugünkü uğurlarının təməlini qoymuşdur. Ulu öndərin müdrik siyasəti sayəsində bu gün Azərbaycan öz inkişafına, o cümlədən idman sahəsində qazanılan uğurlara görə regionun lider ölkəsidir. Müdrik siyasi xadim olan Heydər Əliyev 1997-ci ildə indiki Azərbaycan Prezidenti İlham Əliyevi Milli Olimpiya Komitəsinin rəhbəri təyin edib.
M.Kazımov demişdir ki, Azərbaycanda SİF-in cəmi ilyarım əvvəl yaranmasına baxmayaraq, bugünkü yarışda 300 idmançımız yalnız qələbə əzmi ilə iştirak edir.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ulu öndər Heydər Əliyevin uğurlu siyasi fəaliyyətindən danışaraq, Azərbaycan-Ukrayna münasibətlərinin bütün sahələrdə dinamik inkişafını qeyd edib.
Səfirin sözlərinə görə, idmanın bu növü ona görə cəlbedicidir ki, arzu edən hər kəs yarışlarda iştirak edə bilər. Bu, Azərbaycan federasiyasının böyük uğurudur ki, 11 xəritə elektron qeyd hazırlanmışdır. Bugünkü yarışın iştirakçısı olan idmançılar sabah beynəlxalq yarışlarda iştirak edə bilərlər.
Mərasimin sonunda çıxış edənlərin hamısına fəxri medallar təqdim olunub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-illiyinə həsr edilmiş idman səmtləşməsi üzrə Azərbaycan tarixində ilk Açıq kubok yarışları mayın 12-də başa çatıb.
İkigünlük turnirin proqramına böyük və kiçik distansiyalarda yarışlar daxil olub. Təcrübəli idmançılarla yanaşı gənclərin də qoşulduğu yarışlarda birincilik uğrunda 25 komanda və 300 idmançı mübarizə aparııb.
Bu beynəlxalq turnirdə idmançılar ilk dəfə idman dərəcələri almaq imkanı qazanıblar. Yarışların təşkilatçıları turnirin qaliblərinə kuboklar, medallar və hədiyyələr təqdim ediblər.
Qeyd edək, müstəqil Azərbaycanın tarixində ilk dəfə təşkil olunmuş səmt idmanı üzrə beynəlxalq yarışlar Azərbaycan Respublikası Səmt İdmanı Federasiyasının (SİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, vergilər, mədəniyyət və turizm nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və Ukraynanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilib.