Ali təhsil ocağında spartakiada keçirilib

Ali təhsil ocağında spartakiada keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) idmanın yeddi növü üzrə üç həftədən çox davam edən komanda və şəxsi birincilik yarışları başa çatıb.
Universitetin 10 fakültəsinin tələbələri və bu ali məktəbin əməkdaşları arasında keçirilən və ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarışların qalibləri müəyyən edilib.
Mayın 10-da keçirilmiş mükafatlandırılma mərasimində AzTU-nun rektoru, professor Havar Məmmədov komanda yarışlarında və şəxsi birincilikdə yüksək yer tutan idmançıları təbrik edərək, onlara daha böyük uğurlar arzulayıb.
Havar Məmmədov ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə sosial-iqtisadi inkişafla yanaşı, bədən tərbiyəsi və idmanın yüksəlişinə də xüsusi diqqət yetirdiyini vurğulayıb. Rektor bildirib ki, bu gün Azərbaycan dünya miqyasında idman ölkəsi kimi tanınır. "Ulu öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İdmançılarımız beynəlxalq yarışlarda yüksək pillələri fəth edirlər”, - deyə Havar Məmmədov əlavə edib.
Qaliblərə AzTU-nun diplomları, üzərində ümummilli lider Heydər Əliyevin şəkli olan xatirə medalları, kuboklar təqdim olunub.