“AGF Junior Trophy” beynəlxalq bədii gimnastika turnirinə yekun vurulub

“AGF Junior Trophy” beynəlxalq bədii gimnastika turnirinə yekun vurulub










Arzu Cəlilova turnirin qızıl medalına sahib olub

"Olimpnews.az" xəbər verir ki, aprelin 23-24-də Milli Gimnastika Arenasında keçirilən 2003-2005-ci il təvəllüdlü qızlar arasında "AGF Junior Trophy” beynəlxalq bədii gimnastika turniri başa çatıb.

Turnir bu ilin iyun ayının 1 – 3-də İspaniyanın Quadalaxara şəhərində təşkil ediləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında keçirilib. Ölkəmizin ev sahibliyi etdiyi yarışlarda dünyanın 18 ölkəsindən gənc gimnastlar medallar uğrunda mübarizə aparıblar.
Gimnastlar yarışların ilk günündə halqa, top, gürz və lentlərdə fərdi, eləcə də, komanda hesabında finallar uğrunda yarışıblar. Hakimlərdən 89,250 xal alan Azərbaycan yığma komandası turnirin bürünc medalına layiq görülüb. İkinci komandamız isə 88,300 xalla beşinci yerdə qərarlaşıb.Yarışın qızıl medalını 100,900 xalla Rusiya komandası qazanıb. Belarus millisi isə yarışları 93,300 xalla 2-ci yerdə başa vurub.
Gimnastımız Arzu Cəlilova "Ən yüksək icra xalına görə” hakimlər briqadası tərəfindən "AGF Trophy” mükafatı ilə təltif edilib.

Aprelin 24-də, yarışların ikinci günündə ayrı-ayrı alətlərdə ən güclü idmançıların adlarına aydınlıq gəlib. Həmin gündə 5 ölkənin gimnastları fəxri kürsüdə yer almağa nail olublar. Rusiya gimnastları ümumi nəticədə üç qızıl və bir gümüş, Azərbaycan təmsilçiləri 1 qızıl, 1 gümüş və 1 bürünc, Bolqarıstan atletləri 1 gümüş və 2 bürünc, Belarus idmançıları 1 gümüş, israilli qızlar isə bir bürünc medala sahib olublar.

Azərbaycan gimnastları turnirin dəst medallarını qazandılar

Azərbaycan gimnastları Nərminə Səmədova və Dərya Farşbafşəhriyari "AGF Junior Trophy” turnirinin gümüş və bürünc medallarına layiq görülüblər. Nərminə Səmədova top ilə hərəkətlərdə yarışların gümüş mükafatını qazanıb. İdmançımız hakimlərdən 16.050 xal alıb. Qızıl medalın sahibi Rusiya idmançısı Daria Trubnikova (17.650 xal) olub. Bolqarıstanlı Tatyana Volozhanina (15.850 xal) isə 3-cü olub.
Halqa ilə yarışlarda təmsilimiz Dərya Farşbafşəhriyari 15.600 xalla bürünc medala layiq görülüb. Bu yarışlarda ilk pillədə 17.750 xalla rusiyalı Lala Kramarenko, ikinci yerdə isə 16.000 xalla Belarus gimnastı Anna Kamenşçikova qərarlaşıb.
Məlumat üçün bildirək ki, aprelin 27-29-da böyük gimnastlar Bakıda bədii gimnastika üzrə FİG Dünya kuboku yarışlarında qüvvələrini sınayacaqlar.



Səadət Hakıyeva