Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışları keçirilir

Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışları keçirilir






Aprelin 27-də Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışlarına start verilib.

"Olimpnews.az” xəbər verir ki, ölkəmizdə 6-cı dəfə təşkil edilən kubok yarışlarında 26 ölkədən 127 gimnast mübarizə aparır. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edəcək.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda gimnastlar əvvəlcə çoxnövçülük (halqa və top) üzrə fərdi proqramda mübarizə aparacaqlar. Azərbaycanı fərdi yarışlarda "A” qrupunda Zöhrə Ağamirova və Veronika Hudis təmsil edirlər.

Yarışların ilk iki günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq, hər iki proqram üzrə çoxnövçülükdə qaliblərin və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.
Yarışların sonuncu günündə keçiriləcək final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplayan gimnast və qrup komandasına ənənəvi "AGF Trophy” Kuboku təqdim olunacaq.

Azərbaycanı turnirdə 7 gimnast - Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva, Siyana Vasileva, Zöhrə Ağamirova, Veronika Hudis təmsil edəcəklər.
Turnir aprelin 29-dək davam edəcək.