Dünya kuboku yarışlarının açılış mərasimi keçirilib

Dünya kuboku yarışlarının açılış mərasimi keçirilib




Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışları keçirilir.

"Olimpnews.az” xəbər verir ki, ölkəmizdə 6-cı dəfə təşkil edilən kubok yarışlarında 26 ölkədən 127 gimnast mübarizə aparır. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edəcək.

Aprelin 27-də bədii gimnastika üzrə Dünya kuboku yarışlarının açılış mərasimi keçirildi.

Əvvəlcə meydana iştirakçı ölkələrin bayraqları gətirildi.

Mərasimi giriş sözü ilə açan Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qonaqları və yarış iştirakçılarını salamladı. Azərbaycanda idmanın yüksək sürətlə inkişafından danışan Yusuf Məmmədəliyev dedi: "Bu gün Azərbaycan irimiqyaslı beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Təkcə bu ayda gimnastika üzrə üç mötəbər tədbir keçirilib. Bugünlərdə ölkəmiz daha bir beynəlxalq yarışı – Formula-1 turnirini qəbul edir. İnanırıq ki, ölkəmiz, paytaxt Bakı həmişə olduğu kimi bu dəfə də qonaqpərvərliyi ilə yaddaşlarda qalacaq”.

Azərbaycanda gimnastikanın, xüsusilə də bədii gimnastikanın sürətli inkişafından, gimnastlarımızın əldə etdiyi nailiyyətlərdən danışan natiq dedi: "Son illər gənc qızların sevimli idman növünə çevrilmiş bədii gimnastikaya maraq günü-gündən artır. Bunun nəticəsidir ki, gimnastlarımız artıq beynəlxalq yarışlarda ölkəmizi layiqncə təmsil edir, yaxşı nəticə göstərirlər.
Artıq formalaşmış gimnastikası məktəbinin yetirmələri bizləri medallarla sevindirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman sahəsində düşünülmüş uğurlu siyasəti, ölkənin birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində gimnastikada uğurlarımız artmaqda davam edir. 25 ölkədən idmançılar yarışlarda iştirak edirlər. Təbii ki, belə yarışlar idmançılarımızın ustalıqlarının artmasında mühüm rol oynayır”.
Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Dünya kuboku yarışlarını açıq elan etdi.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.

Açılış mərasimi bədii hissə ilə davam etdi.

Məlumat üçün bildirək ki, yarışların ilk iki günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində güclərini sınayıblar. Bu mərhələnin nəticəsindən asılı olaraq, hər iki proqram üzrə çoxnövçülükdə qaliblərin və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.
Yarışların sonuncu günündə keçiriləcək final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaq.
Turnirdə, həmçinin ən yüksək icra xalını toplayan gimnast və qrup komandasına ənənəvi "AGF Trophy” Kuboku təqdim olunacaq.