Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışlarına yekun vuruldu

Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışlarına yekun vuruldu





Aprelin 27-29-da Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışları keçirildi.

"Olimpnews.az" xəbər verir ki, Azərbaycanda altıncı dəfə təşkil edilən kubok yarışlarında 26 ölkədən 127 gimnast mübarizə apardı. Gimnastlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış etdi.

Yarışların ilk iki günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində güclərini sınadılar. Yarışların sonuncu günündə isə final mərhələsinin nəticəsindən asılı olaraq ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə apardı.
Dünya kubokunun nəticələrinə görə, 8 ölkə mükafatçılar sırasında yer aldı. Turnirdə ən çox medal qazanan ölkə Rusiya oldu. Şimal qonşularımız qrup yarışlarında təmsil olunmasalar da, ümumilikdə, yarışı 6 (4 qızıl, 1 gümüş, 1bürünc) medalla başa vurdular. Bolqarıstan ikisi qızıl, üçü gümüş olmaqla 5 medal, Ukrayna biri qızıl, biri gümüş və ikisi bürünc olmaqla 4 medala sahib oldu. Dünya kubokunun mükafatçılarından İtaliya yarışlarda 2 (1 qızıl, 1 gümüş), Yaponiya 3 (1 gümüş, 2 bürünc), Belarus 2 (1 gümüş, 1 bürünc) medala sahib oldu. Azərbaycan və ABŞ isə hərəyə 1 bürünc medal qazandılar.
Azərbaycanı bədii gimnastika ürə Dünya kuboku yarışlarında 7 gimnastımız təmsil etdi. Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siyana Vasilevadan ibarət yığmamız qrup komandaları arasında, Zöhrə Ağamirova və Veronika Hudis isə fərdi yarışlarda qüvvələrini sınadılar.

Aprelin 27-də bədii gimnastika üzrə Dünya kuboku yarışlarının açılış mərasimi keçirildi.
Əvvəlcə meydana iştirakçı ölkələrin bayraqları gətirildi.
Mərasimi giriş sözü ilə açan Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev qonaqları və yarış iştirakçılarını salamladı. Azərbaycanda idmanın yüksək sürətlə inkişafından danışan Yusuf Məmmədəliyev dedi: "Bu gün Azərbaycan irimiqyaslı beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Təkcə aprel ayında gimnastika üzrə üç mötəbər tədbir keçirilib. Bugünlərdə ölkəmiz daha bir beynəlxalq yarışı – Formula-1 turnirini qəbul edir. İnanırıq ki, ölkəmiz, paytaxt Bakı həmişə olduğu kimi bu dəfə də qonaqpərvərliyi ilə yaddaşlarda qalacaq”.
Azərbaycanda gimnastikanın, xüsusilə də bədii gimnastikanın sürətli inkişafından, gimnastlarımızın əldə etdiyi nailiyyətlərdən danışan natiq dedi: "Son illər gənc qızların sevimli idman növünə çevrilmiş bədii gimnastikaya maraq günü-gündən artır. Bunun nəticəsidir ki, gimnastlarımız artıq beynəlxalq yarışlarda ölkəmizi layiqncə təmsil edir, yaxşı nəticələr göstərirlər.
Artıq formalaşmış Aərbaycan gimnastika məktəbinin yetirmələri bizləri medallarla sevindirirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman sahəsində düşünülmüş uğurlu siyasəti, ölkənin birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində gimnastikada uğurlarımız artmaqda davam edir. Dünya kuboku yarışlarında 25 ölkədən idmançılar iştirak edirlər. Təbii ki, belə yarışlar idmançılarımızın ustalıqlarının artmasında çox mühüm rol oynayır”.

Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Dünya kuboku yarışlarını açıq elan etdi.

Sonra Azərbaycanın Dövlət Himni səsləndirildi.

Açılış mərasimi bədii hissə ilə davam etdi. Bəşəriyyətin yaranışında mühüm rol oynayan Su, Od, Yel və Torpaq ünsürləri bu turnirin açılış mərasiminin bədii hissəsinin əsas komponentlərini təşkil edirdi. Qədim dövrdən bu günə kimi haqqında bir çox hekayələr qoşulan həmin ünsürlər gimnastların təqdimatında yeni nəfəslə tamaşaçılara təqdim olundu. Kompozisiyanın quruluşçu rejissorları fəlsəfi ideyalardan ilhamlanaraq, həyati əhəmiyyət daşıyan bu komponentlərin təkcə Yer kürəsinin yaradılışında deyil, idmanda da əks olunduğunu nümayiş etdirdilər. Tamaşaçılara təqdim olunan maraqlı kompozisiyada gimnastika növləri üzrə milli komandaların üzvləri və xoreoqrafları iştirak etdilər.
Yarışın ən maraqlı personaji Bakıda keçirilmiş batut gimnastikası, ikili mini batut və tamblinq üzrə 26-cı Avropa çempionatının maskotu – "Qur-Qur” oldu.

Aprelin 28-də fərdi proqramda qaliblər müəyyənləşdi. "A” və "B” qruplarında çıxış edən gimnastların ümumi nəticələrinin cəminə görə rusiyalı Maria Sergeyeva 69,050 xalla bütün rəqiblərini qabaqladı. Ukraynalı Vlada Nikolçenko 67,550 xalla gümüş, Belarus təmsilçisi Anastasiya Salos isə 66,550 xalla bürünc medala layiq görüldü.
Həmin gün çoxnövçülük (gürzlər və lent) üzrə "A” qrupunda çıxış edən gimnastlarımız Zöhrə Ağamirova və Veronika Hudis iki hərəkətin cəmində müvafiq olaraq 29,250 və 30,050 xal topladılar. Çoxnövçülük üzrə ümumi nəticədə Veronika Hudis 60.650 xal, Zöhrə Ağamirova isə 59,750 xal toplayaraq, müvafiq olaraq 12-ci və 17-ci yerləri bölüşdürdülər.


İsrail idmançısı ən yüksək mükafata layiq görüldü

Bu il keçirilən Dünya kuboku yarışlarının bütün mərhələlərində ən yaxşı nəticə göstərən İsrail gimnastı Linoy Aşram BGF-in xüsusi mükafatına layiq görüldü. İdmançı Bakıda keçirilən sonuncu - dördüncü Dünya kuboku yarışlarında iştirak etməsə də ona bu mükafat əvvəlki üç dünya kubokunun nəticələrinə əsasən təqdim olundu. Mükafatı İsrail Gimnastika Federasiyasının nümayəndəsi Fira Voronova təhfil aldı. Bundan başqa, İtaliya komandası, həmçinin "AGF Trophy-2018” və Dünya kuboku yarışlarının ən yüksək mükafatını aldı.

Fərdi çoxnövçülük üzrə "Ən yüksək icra xalı” nominasiyasının qalibi isə Rusiya təmsilçisi Mariya Sergeyeva oldu. "AGF Trophy” kubokunu ona Mariana Vasilyeva təqdim etdi.
Bədii gimnastika üzrə Dünya kuboku yarışlarının sonuncu günündə qrup hərəkətləri yarışlarının finalçıları, beş halqa ilə çıxışların, üç top və iki iplə kompozisiyaların qaliblərinə mükataflar verildi.
Halqa ilə hərəkətlərdə rusiyalı Mariya Sergeyeva 18,200 xalla birinci, Belarus gimnastı Katsiarina Halkina 17,750 xalla ikinci, ABŞ təmsilçisi Laura Zenq 17,350 xalla üçüncü oldu. Fərdi proqramda ayrı-ayrı alətlər üzrə Dünya kuboku mərhələlərinin nəticəsinə əsasən halqa ilə yarışların qalibi bolqarıstanlı Boryana Kaleyn "AGF Trophy" kuboku ilə təltif olundu.

Topla yarışların nəticəsinə əsasən, Rusiya gimnastları Yekaterina Selezneva və Mariya Sergeyeva müvafiq olaraq 18,200 və 18,100 xal toplayaraq birinci və ikinci yerləri bölüşdürdülər. Yaponiyalı Kaho Minaqava 17,950 xalla üçüncü yeri tutdu. Rusiyalı Y.Selezneva birinciliklə yanaşı, dünya kuboku mərhələlərinin nəticələrinə görə topla hərəkətlərin qalibi kimi "AGF Trophy" kubokuna da sahib oldu.
Gürzlərlə mübarizədə isə 18,100 xal toplayan Ukrayna gimnastı Vlada Nikolçenko bütün rəqiblərini qabaqladı. Bolqarıstanlı Boryana Kaleyn 17,800 xalla ikinci, ondan cüzi fərqlə geri qalan rusiyalı Mariya Sergeyeva 17,700 xalla üçüncü pillədə qərarlaşdı. Gürzlərlə yarışlarda "AGF Trophy" kubokunu da qızıl medalın sahibi Ukrayna gimnastı V.Nikolçenkoya nəsib oldu.
Lentlə hərəkətlərdə Rusiya təmsilçisi Mariya Sergeyeva yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Belə ki, o, 16,800 xal toplayaraq ayrı-ayrı alətlər üzrə fərdi proqramda ikinci dəfə qızıl medala sahib oldu. Bolqarıstanlı Katrin Taseva 16,400 xalla yarışların gümüş, Ukrayna gimnastı Vlada Nikolçenko (16,050) isə bürünc mükafatını qazandı. Lentlə yarışlarda ikinci olan bolqarıstanlı Katrin Taseva həm də "AGF Trophy" kubokuna layiq görüldü.
Aprelin 29-da həm də qrup hərəkətlərində final yarışları keçirildi. Finalçılar 5 halqa, 3 top və 2 iplə tamaşaçılar və hakimlər qarşısında çıxış etdilər. Qrup yarışlarında Azərbaycanı Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Diana Doman təmsil etdilər. Çoxnövçülük üzrə təsnifat yarışlarında 13 ölkənin yığması arasında mübarizə aparan komandamız 14,650 xalla səkkizinci yerdə qərarlaşmışdı. Komandamız iki gün ərzində çıxışlarının yekunlarına əsasən 31,800 xalla yeddinci yerə yüksəlməyi bacardı və finala adladı. Beləliklə, 5 halqa ilə çıxış edən bədii gimnastika üzrə milli komandamız Dünya kuboku yarışlarının finalından medalla ayrıldı. Komandamız gərgin keçən mübarizədə hakimlərdən 17.600 xal alaraq bürünc medal qazandılar. Bolqarıstan komandası 19,800 xalla birinci, İtaliya millisi 18,000 xalla ikinci yerdə qərarlaşdı.
Günün sonunda 2018-ci ildə üç top və iki iplə hərəkətlərdə Dünya kuboku yarışlarının qalibi olan İtaliya kollektivinə turnirin xüsusi mükafatı verildi. Mükafatı qalib komandaya Beynəlxalq Gimnastika Federasiyasının (BGF) hakimlər üzrə nümayəndəsi Kerolayn Hant təqdim etdi.




Fərid Qayıbov: "Doğma divarlar arasında çıxış etmək ikiqat məsuliyyətlidir”

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov aprelin 27-də, final yarışlarında bir gün əvvəl Bakıda keçirilən Dünya kuboku yarışlarında idmançılarımıın çıxışları ilə bağlı fikirlərini KİV nümayəndələri ilə bölüşüb:

-Ölkəmiz 6-cı dəfə keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarına ev sahibliyi edir. Qeyd edim ki, hər il dörd Dünya kuboku yarışı keçirilir. Azərbaycanda keçirilən bu yarış bu il sonuncudur. Demək olar ki, Bakıda keçirilən Dünya Kuboku yarışları ümumi bir finaldır. Bu turnirin sonunda əvvəlki Dünya Kuboku yarışlarında fərqlənmiş idmançılara Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kuboku təqdim olunacaq. "Ən yaxşı icra xalını toplamış” idmançı isə Azərbaycan Gimnastika Federasiyası tərəfindən "AGF Trophy” kuboku ilə təltif ediləcək. Bu mükafat artıq üçüncü ildir təqdim olunacaq.
Qonaqlarımız və iştirakçılar yarışların təşkilatçılıq səviyyəsindən çox razıdırlar. İdmançılarımızın çıxışlarına gəlincə, təmsilçilərimiz fərdi proqram üzrə çoxnövçülük yarışlarında çıxışlarını yekunlaşdırıblar. Veronika Hudis və Zöhrə Ağamirova hələ çox gəncdirlər, təcürbələri azdır. Bu, Veronika Hudis üçün ilk böyük yarışdır. Gimnastımız ilk dəfədir böyüklər arasında yarışlarda qüvvəsini sınyaır. Baş məşqçi Mariana Vasileva və məşqçilər korpusunun digər üzvləri də onların çıxışlarından razı qaldılar.
Qrup hərəkətləri yarışlarında çıxış edəcək komandamızın üzvləri daha təcrübəlidir və onlar beynəlxalq yarışlarda medallar qazanıblar. Təbii ki, onlar da çox həyəcanlıdırlar. Doğma divarlar arasında çıxış etmək ikiqat məsuliyyətlidir. İnanıram ki, onlar dünən ilk çıxışda finala vəsiqə qazandıqdan sonra daha inamla çıxış edəcəklər. Gimnastlarımızın sabah keçiriləcək final yarışlarında bizi sevindirəcəklərinə inanıram.



Mariana Vasileva: "Qrup komandamız ümidləri doğrultdu”

Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasileva Bakıda keçirilən Dünya kuboku yarışları barədə təəssüratlarından danışdı:

-Mən qızların çıxışlarından razıyam. Zöhrə Ağamirova və Veronika Hudis gəncdirlər, idman karyeralarına yeni başlayıblar. Ümid edirəm ki, qızlarımız sonrakı yarışlarda daha uğurla çıxış edəcəklər. Doğma divarlar arasında çıxış etmək hər zaman çətin və məsuliyyətlidir. Mən baş məşqçi kimi bunu qızlarımızda görürəm. Zöhrə Ağamirovanı komandanın lideri kimi görürəm, ona etimadımız böyükdür. Sevinirəm ki, qrup komandamız ümidləri doğrultdu”
Azərbaycan Gimnastika Federasiyasına və azarkeşlərə dəstəyə görə minnətdarlığını bildirirəm. Yarışda iştirak edən əcnəbi gimnastlar və onların məşqçilərinin Milli Gimnastika Arenasında təşkilatçılıq səviyyəsindən çox razıdırlar. Biz demək olar ki, hər həftə yeni turnirdə iştirak edirik. Mən istəmirəm ki, bu, lovğalıq kimi səslənsin, amma Azərbaycanda gimnastika üzrə turnirlərin təşkilatçılığı doğrudan da ən yüksək səviyyədədir. Biz əcnəbi dostlarımıza öz qonaqpərvərliyimizi və hörmətimizi nümayiş etdirməyə çalışırıq. Bizdə ab-hava gözəldir, azarkeşlər dəstəklərini əsirgəmirlər.
Azərbaycan Gimnastika Federasiyası həmişə olduğu kimi yenilikləri ilə valeh edir. Ölkəmizdə keçirilən batut gimnastikası, ikili mini batut və tamblinq üzrə XXVİ Avropa çempionatının maskotu olan "Qur-Qur”insanda gözəl təəssürat, şən əhval-ruhiyyə yaradır.





Səadət Hakıyeva