Pəhləvanlarımız Avropa çempionatının 18 medalına sahib olublar

Pəhləvanlarımız Avropa çempionatının 18 medalına sahib olublar






Aprelin 30-dan mayın 6-dək Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilib. Çempionatda Azərbaycanın yunan-Roma, sərbəst güləş və qadın güləşi üzrə yığma komandalarının üzvləri iştirak ediblər. 

"Olimpnews.az" xəbər verir ki, komandamız yarışların 18 (4 qızıl, 5 gümüş və 9 bürünc) medalına sahib olub.
Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz Avropa çempionatını 5 (1 qızıl, 2 gümüş və 2 bürünc) medalla başa vurublar.
Qızıl medalı yığmamıza Eldəniz Əzizli (55 kq) qazandırıb. Güləşçimiz Rusiya təmsilçisi ilə ilk görüşünü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib. O, yarımfinal görüşündə 1:7 hesabla geridə olmasına baxmayaraq əzmkarlıqla ikinci rusiyalı rəqibi Vasili Topoevi 9:7 hesabla məğlub edib. Finalda Eldəniz Əzizili Estoniya idmançısı ilə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən güləşçimiz çempionatın qızıl medalını qazanıb.
Murad Məmmədov (60 kq) və Rəsul Çunayev (72 kq) isəgümüş medala sahib olublar. Bürünc medalları isə yığmamızın aktivinə Elvin Mürsəliyev (77 kq) və Rafiq Hüseynov (82 kq) yazdırıblar. Bu nəticə ilə yığmamız komanda hesabında 113 xal toplayaraq Avropa çempionatının bürünc mükafatına sahib olub. Rusiya 169 xalla birinci, Gürcüstan komandası isə 127 xalla ikinci yeri tutub.

Qadın güləşçilərimiz tarix yazdılar

Avropa çempionatında yunan-Roma güləşçilərindən sonra mübarizəyə qadın güləşçilərimiz qoşulublar. Qadın güləşi üzrə yığma komandamız yarışların 5 (1 qızıl, 1 gümüş və 3 bürünc) medalına sahib olmaqla bu növ üzrə Azərbaycan güləşi tarixində rekorda imza atıb.

Komandamızın lideri Mariya Stadnik (50 kq) adını 7-ci dəfə Avropa çempionluğuna yazdırmağa müvəffəq olub. I Avropa Oyunlarının qalibi olan xanım idmançımız ilk rəqibləri Almaniya və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Cəmi 32 saniyə ərzində rəqibini döşəyə çıxmağa peşman edən Mariya Stadnik Avropa çempionatında növbəti qızıl medalını qazanıb. Buna qədər güləşçimiz 6 dəfə Avropa çempionatının və I Avropa Oyunlarının qalibi olub.

Yığmamıza gümüş medalı 65 kq-da mübarizə aparan Elis Manolova qazandırıb. İdmançımız Macarıstan və Çexiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqə qazanıb. Yarımfinalda İsveç idmançısına heç bir şans verməyən Elis finala yüksəlib. Finalda onun rəqibi Finlandiya təmsilçisi Petra Olli olub. Gərgin keçən görüşdə uduzan Elis Manolova çempionatın gümüş medalına yiyələnib. Yığmamızın digər üzvləri Tatyana Omelçenko (59 kq), Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva çempionatın bürünc medalını qazanıblar. Beləliklə, qadın güləşi komandamız Avropa çempionatını dördüncü sırada tamamlayıb.

Hacı Əliyev 2 qat Avropa çempionu adına layiq görüldü

Avropa çempionatında sərbəst güləşçilərimiz axırıncı mübarizə aparıblar. Pəhləvanlarımız çempionatı 8 (2 qızıl, 2 gümüş və 4 bürünc) medalla başa vurublar.

Qızıl medalları yığmamıza Hacı Əliyev (65 kq) və Georgi Edişeraşvili (57 kq) qazandırıb.
Azərbaycanı Avropa çempionatında 65 kq çəkidə təmsil edən Hacı Əliyev Avstriya, Türkiyə və Sloveniya təmsilçilərini məğlub edərək finala yüksəlib. Finalda idmançımızın rəqibi rusiyalı İlyas Bekbulatov olub. Görüşün əvvəlində geridə olan həmyerlimiz əzmkarlıqla mübarizə apararaq ikinci dəfə Avropa çempionu adını qazanıb.

57 kq-da çıxış edən Georgi Edişeraşvili ilk görüşdə Bolqarıstan və Ermənistan təmsilçilərini tam üstünlüklə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. O, belaruslu rəqibinə də qalib gələrək finala yüksəlib. Həlledici görüşdə güləşçimiz rəqibi Rusiya təmsilçisi Zavur Uguievlə qarşılaşıb. Son saniyədə yerinə yetirdiyi fəndlə qələbə qazanan Edişeraşvili Avropa çempionatının qızıl medalına sahib olub.
Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (92 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb. Bu nəticə ilə yığmamız komanda hesabında 160 xal toplayaraq Avropa ikincisi olub. Rusiya 204 xalla birinci, Türkiyə 125 xalla üçüncü yerdə qərarlaşıb.

Məlumat üçün bildirək ki, Avropa çempionatında yarışların idarə olunmasında ölkəmizi 3 hakim təmsil edib. I-S kateqoriyalı hakimlər Hicran Şərifov və İntiqam Alıyevlə yanaşı I kateqoriyalı hakim Asif Şirəliyev də görüşlərin idarə edilməsində iştirak edib. Hakimlərimizin arasında ən təcrübəlisi Hicran Şərifovdur. O, üç Olimpiya Oyunlarında hakimlik edən yeganə güləş hakimidir və 2012-ci il London Yay Olimpiya Oyunlarında "Qızıl Fit" mükafatına layiq görülüb.
İntiqam Alıyev isə, ötən il keçirilmiş nəzəri və praktiki imtahanlardan uğurla keçərək I-S kateqoriyasına yüksəlib.
Asif Şirəliyev həm də I-S kateqoriyasını almaq üçün imtahanda iştirak edir. İmtahandan uğurla keçəcəyi təqdirdə Azərbaycanı beynəlxalq yarışlarda 3 nəfər I-S (Olimpiya) kateqoriyalı hakim təmsil edəcək.




Səadət Hakıyeva