Yeniyetmə güləşçimiz olimpiadaya vəsiqə qazanıb

Yeniyetmə güləşçimiz olimpiadaya vəsiqə qazanıb





Mayın 14-dən 20-dək Makedoniyanın Skopje şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb. 

"Olimpnews.az" xəbər verir ki, yığma komandamızın üzvləri çempionatı 11 (1 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurublar.

Avropa çempionatı bu ilin oktyabrında Argentinanın Buenos Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, olimpiadada hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Sərbəst güləşçilərimiz Avropa çempionatında ümumilikdə, 5 (1 qızıl, 2 gümüş və 2 bürünc) medal qazanıblar. Bütün rəqiblərindən üstün olan Turan Bayramov (65 kq) çempionatın qızıl medalına sahib olub. Turan Bayramov həm də 65 kq çəki dərəcəsində Yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Yalnız final görüşündə uduzan Fuad Mayılov (80 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Kənan Heybətov (45 kq) və Əlihəsən Əmirli (48 kq) qazandırıblar. Bu nəticə ilə sərbəst güləş yığmamız komanda hesabında çempionatı Rusiya, Gürcüstan və Türkiyədən sonra dördüncü sırada başa vurub. Türkiyə, və Gürcüstan komandaları Olimpiya Oyunlarına vəsiqə qazana bilməyiblər. Beləliklə, sərbəst güləş yarışlarında Buenos-Ayres-2018 Olimpiadasına Rusiya 3, Azərbaycan və Ukrayna isə hərəyə 1 lisenziya əldə ediblər.
Yarışın dördüncü günündə yeniyetmə qızlar mübarizəyə qoşulublar. Yığmamız 2 çəkidə təmsil olunub və çempionatı 1 bürünc medulla başa vurub. Belə ki, 46 kq-da mübarizə aparan Ayşən Yusifova bürünc medal uğrunda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb.
Yunan-roma güləşi üzrə yeniyetmə təmsilçilərimiz yarışdan vətənə 5 (1 gümüş və 4 bürünc) medalla qayıdıblar.
Təmsilçimiz Qurban Qurbanov (45 kq) Avropa çempionatının gümüş medalına layiq görülüb. Bütün görüşləri qələbə ilə başa vuran güləşçimiz finalda Bolqarıstan təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesabda irəlidə olmasına baxmayaraq görüşün bitməsinə 2 saniyə qalmış hakimlərin verdiyi yanlış qərarla güləşçimizin əldə etdiyi xallar ləğv edilib və görüş Bolqarıstan idmançısının qələbəsi ilə başa çatıb. Qurban Qurbanov gümüş medalla kifayətlənib.
Çempionatın bürünc medallarını komandamıza Sərxan Məmmədov (110 kq), Nihad Quluzadə (48 kq), Həsrət Cəfərov (51 kq) və Laçın Vəliyev (90 kq) qazandırıblar.