Yeniyetmələr “Sərhədçi”yə toplaşacaqlar

Yeniyetmələr “Sərhədçi”yə toplaşacaqlar


Mayın 18-21-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq çempionatda respublikanın demək olar ki, bütün bölgələrini təmsil edən 1996-1997-ci il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaqlar.
Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Turnirin proqramına əsasən, mayın 18-19-da sərbəst, mayın 20-21-də isə yunan-Roma güləşçiləri arasında ən güclülər müəyyənləşəcəklər. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutan idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaqlar.