“Cahan idman klubu” İctimai Birliyinin cüdo üzrə açıq birinciliyi oldu

“Cahan idman klubu” İctimai Birliyinin cüdo üzrə açıq birinciliyi oldu

Mayın 12-də Azərbaycan Texniki Universitetinin idman zalında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş yeniyetmələr arasında cüdo üzrə "Cahan idman klubu” İctimai Birliyinin açıq birinciliyi keçirildi. Açılış mərasimində "Cahan idman klubu” İctimai Birliyinin sədri Elçin Eyvazov, sədr müavini Nizami Zeynalov, Respublika dərəcəli hakim, əməkdar məşqçi, yarışın baş hakimi Azər Bağırov, "Olimpiya dünyası” qəzətinin baş redaktorunun müavini Aslan Şirəliyev və digərləri iştirak etdilər. Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələrin cüdoya cəlb edilməsi və onların vətənpərvərlik ruhunda tərbiyəsi idi. Turnirdə 10 komandanın tərkibində 140 idmançı qüvvəsini sınadı. Yarışların yekun nəticəsinə əsasən, 1998-2000-ci illər təvəllüdü idmançıların mübarizəsində "Şahin” idman klubunun komandası birinci yerə layiq görüldü. "Cahan idman klubu” İctimai Birliyinin komandası isə ikinci yerlə kifayətlənməli oldu. Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri üçüncü pilləni tutdular. 2001-2003-cü illər təvəllüdlü idmançıların mübarizəsində də "Şahin” idman klubunun yetirmələri birinciliyi əldən vermədilər. "Cahan idman klubu” İctimai Birliyinin komandası bu dəfə də ikinci yerlə kifayətlənməli oldu. Üçüncü yerə isə "Şirvan” komandası çıxdı.




Turnirdən sonra mütəxəssislər və tamaşaçılar yarışla bağlı fikirlərini bizimlə bölüşdülər.

Elçin Eyvazov ("Cahan idman klubu” İctimai Birliyinin sədri):
- Bildiyiniz kimi, bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Ümümmilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün yeniyetmələr arasında cüdo üzrə açıq birinclik təşkil etməyi qərara aldıq. Yarışı təşkil etməkdə əsas məqsədlərimizdən biri də yeniyetmələr arasında cüdo idman növünün kütləviliyini artırmaq və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasından ibarətdir. Turnirdə yarışan yeniyetmə idmançılar arasında gərgin mübarizə getdi. Qalib gələn idmançılar diplom, medal və hədiyyələrlə mükafatlandırıldılar. Qələbə qazanan idmançıları təbrik edir və onlara uğurlar arzulayıram.

Nizami Zeynalov ("Cahan idman klubu” İctimai Birliyinin sədr müavini):
- Bu cür yarışların keçirilməsi yeniyetmə idmançılarımızın təcrübə toplaması baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki belə yarışlarda qüvvəsini sınayan yeniyetmə idmançılarımız öz təcrübələrini bir qədər də artırırlar. Bugünkü yarış çox gözəl təşkil olunmuşdu. İdmançılarımız inamla mübarizə aparaq qalib gəldilər.

Zamiq Hümbətov (valideyn):
- Yarış çox gözəl səviyyədə keçdi. Yeniyetmə idmançılar inamla mübarizə apardılar. Ümumiyyətlə, ölkəmizdə idman artan sürətlə inkişaf edir. Ölkəmiz bir neçə mötəbər idman yarışlarına ev sahibliyi edib. Bu, dövlətimizin artan qüdrətindən xəbər verir. İnanıram ki, bu turnirdə mübarizə aparan idmançılar gələcəkdə peşəkar mütəxəssislər olacaqlar.

Əziz Məhərrəmov (valideyn):
Bu yarışın keçirilməsini təqdirəlayiq bir hal hesab edirəm. Yeniyetmə idmançıların qüvvələrini sınaması üçün belə yarışları mütəmadi olaraq keçirmək lazımdır. Çünki yeniyetmə idmançı nə qədər yarışda iştirak edərsə, bir o qədər də təcrübə qazanar. Qalib gələn idmançıları təbrik edir, onlara uğurlar arzulayırma.



Rəfiqə Hüseynova (həkim-terapevt):
- Yeniyetmə idmançıların fizik hazırlıqları çox yaxşı idi. Onların arasında əsil idman mübarizəsi oldu. Qalib gələn idmançıları təbrik edirəm.

Rasəddin Ağayev ("Yalquzaq” idman klubunun sədri):
- Yarış çox gözəl keçdi. Yetirmələrim yaxşı mübarizə apardılar. Qalib gəlmiş hər bir idmançıya uğurlar arzu edirəm. İnanıram ki, bu turnirdə birinci yerə layiq görülmüş idmançılar gələcəkdə ölkəmizin idman şərəfini beynəlxalq yarışlarda layiqincə qoruya biləcəklər.