«NEFTÇİ» İSM -in idman xronikası

«NEFTÇİ» İSM -in idman xronikası

Ağırlıqqaldırma:

«Neftçi» İdman-Sağlamlıq Mərkəzinin yetirməsi Nicat Rəhimov (77 kq) Perunun paytaxtı Limada keçirilən ağırlıqqaldırma üzrə gənclər arasında dünya çempionatında ölkəmizi layiqincə təmsil edib. Atletimiz birdənqaldırmada 153 kq, təkanla qaldırmada isə 187 kq ağırlığı başı üzərinə qaldırmağa müvəffəq olub. Ümumilikdə, 340 kq nəticə göstərən Nicat dünya çempionatının gümüş medalına yiyələnib.

Sumo:

Polşanın Varşava şəhərində sumo üzrə gənclər və kişilər arasında Avropa çempionatı sona çatıb. «Neftçi» İSM-in sumoçuları qitə yarışının 7 medalına (4 qızıl, 3 bürünc) sahib çıxıblar. 21 yaşlı gənclər arasında Namiq Sadıxov (92 kq) və Əmiraslan Əhmədov (115 kq) Avropa çempionu tituluna yiyələniblər. Əmrah Əhmədov (70 kq) isə 3-cü yeri tutub. 23 yaşlı gənclərdə Sadiq Əhmədov (115 kq) qızıl medal qazanıb. Kişilərin yarışında Namiq Sadıxov (92 kq) 1-ci, Emil Həsənovla (70 kq) Ariz Əliyev (100 kq) isə 3-cü yerə çıxıblar.

Səmti müəyyən etmə:

Mayın 10-12-də Xaçmaz rayonunun Nabran qəsəbəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə, səmti müəyyən etmə idmanı üzrə beynəlxalq Açıq Kubok yarışı keçirilib. Turnir Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Vergilər, Mədəniyyət və Turizm nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhədi Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və Ukraynanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə gerçəkləşib. Yalama qəsəbəsindən Xəzər dənizinin kənarında yerləşən «Xəzər» turist bazası istiqaməti üzrə hərəkət zolağından sağdakı meşə massivində keçirilən yarışda ölkəmizin müxtəlif komandalarıyla yanaşı, 10 ölkənin (Çin, Koreya, Moldova, Qazaxıstan, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Fransa, Sloveniya) komandaları da bacarıqlarını nümayiş etdiriblər.
«Neftçi» İSM-in komandası (Rəşad Hüseynov - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Kamil Əsgərov - Maddi Texniki Təchizat İdarəsi, Şəhriyar İsmayılov - Kəşfiyyat və Geofizika İdarəsi, Ramin Əliyev, Nataliya Əliyeva, Valeriya Niqmatulina (hər üçü «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin yetirməsidir) səmti müəyyənetmə üzrə üzrə beynəlxalq yarışda 3-cü yeri tutub. 1-ci və 2-ci yerləri isə müvafiq olaraq, Rusiya və Ukrayna komandaları bölüşdürüblər.
Sevindirici haldır ki, «Neftçi» İSM Azərbaycan komandaları arasında birinci olub.





Cüdo:

«Sərhədçi» Olimpiya İdman Mərkəzində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş cüdo üzrə «Qran Şlem» nüfuzlu beynəlxalq turnirinə yekun vurulub. 27 ölkədən 209 cüdoçunun (125 kişi, 84 qadın) iştirak etdiyi yarışda Azərbaycan milli komandası 44 idmançı (28 kişi, 16 qadın) ilə təmsil olunub ki, onlardan da 20-si (15 kişi, 5 qadın) «Neftçi» İSM-in yetirmələri idi. Bu mötəbər turnirdə ölkəmiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq ümumi komanda hesabında 1-ci yerə çıxıb.

Fərəhli haldır ki, qazanılan 7 medaldan 5-ni «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin cüdoçuları aktivlərinə yazdırıblar. Onlardan Şahin Qəhrəmanov (90 kq) və Elxan Məmmədov (100 kq) bütün görüşləri qələbə ilə başa vuraraq turnirin qalibi adını qazanıblar. Yalnız final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Nicat Şıxəlizadə (66 kq) gümüş medala layiq görülüb. Hüseyn Rəhimli (73 kq) isə fəxri kürsünün 3-cü pilləsi ilə kifayətlənib. Zərif cinsin nümayəndələri arasında 57 kq-da çıxış edən Kifayət Qasımova da bürünc medala sahib olub.

Atletika:

Tofiq Bəhramov adına Respublika stadionunda 1996-1997-ci illər təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilib.
Atletika gününə həsr olunmuş yarışda «Neftçi» İSM-in atletləri də qalib adı uğrunda mübarizə aparıblar. Oğlanlar arasında keçirilən yarışlarda İslam Qəhrəmanzadə nizəatmada 44 m 30 sm nəticə göstərərək liderliyə yüksəlib. Ağaismayıl İsmayılov isə 200 metr (23,9 saniyə) və 400 metr (52,16 saniyə) məsafə qət edərək Bakı birincisi olub. Qızların yarışında Gülər Tağıyeva nüvəitələmədə 6,60 metr nəticə ilə 3-cü olsa da, nizəatma yarışında 23,60 metr nəticə göstərərək çempionluğa yüksəlib. Valeriya Lipina 100 metr məsafəyə qaçışda (13,6 saniyə) 1-ci, 200 metrdə isə (29 saniyə) 2-ci pillədə qərarlaşıb. Digər təmsilçimiz Viktoriya Suliqina 800 metr məsafənin qətində 2,54 dəqiqə nəticə ilə gümüş medal qazanıb.

Şahmat:

«Neftçi» İdman-Sağlamlıq Mərkəzi neft, qaz və kimya sənayesinin işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirdi. Suraxanı rayonunda yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində təşkil olunan yarışda 12 komanda tərkibində 48 nəfər iştirak edirdi.
İki gün (7-8 may) davam edən turnirin əsas məqsədi neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında şahmat idman növünün geniş yayılması, onların sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkil olunması idi.
Qaydaya görə, komandanın tərkibi 4 nəfərdən (2 kişi, 1 qadın və 1 nümayəndə) ibarət idi və hər müəssisə istənilən sayda komanda ilə iştirak edə bilərdi. Yarış yarımqruplarda dairəvi sistem üzrə keçirilir, sonra yarımqrupların qaliblərinin uduzub çıxma sistemi üzrə davam etdirilirdi.
Yekun nəticələrə görə, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi turnirin qalibi adını qazandı. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2-ci, «Azəriqaz» İstehsalat Birliyinin komandası isə 3-cü yerə çıxdı.
Qaliblər «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin diplom və hədiyyələri ilə mükafatlandırıldılar.


«Neftçi» İSM-in mətbuat xidməti