Bədii gimnastlar İspaniyada uğurla çıxış ediblər

Bədii gimnastlar İspaniyada uğurla çıxış ediblər





İspaniyanın Quadalaxara şəhərində keçirilən bədii gimnastika üzrə 34-cü Avropa çempionatı Azərbaycan milli komandası üçün uğurla başa çatıb.

Qitə birinciliyində ölkəmizi fərdi proqramda təmsil edən Arzu Cəlilova ümumilikdə, 4 alət üzrə finala vəsiqə qazanmaqla bürünc medala sahib olub. Gənc gimnastımız top ilə çıxışında daha uğurla çıxış edərək hakimlərdən 17.100 xal alıb. Yalnız Rusiya və Ukrayna gimnastlarına güzəştə gedən Arzu Cəlilova öz karyerasında ən uğurlu nailiyyətinə imza atıb.
Digər gimnastımız Nərminə Səmədova isə halqa ilə hərəkətlərdə 5-ci, gürzlərlə hərəkətlərdə isə 8-ci olub. Lent ilə final mərhələsinə adlayan Yelizaveta Luzan isə yekun nəticədə 6-cı pillədə qərarlaşıb.
Komandamıza növbəti bürünc medalı isə 3 top-2 iplə icra etdikləri kompozisiya ilə hərəkətlərdə qrup komandası qazandırıb. Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramovadan ibarət möhtəşəm beşlik hakimlərdən 20.350 xal almaqla fəxri kürsünün 3-cü pilləsində yer alıblar.
Böyüklər arasında fərdi yarışlarda isə ölkəmizi Zöhrə Ağamirova və Veronika Hudis təmsil edib. Zöhrə Ağamirova 63.200 xal toplayaraq 2019-cu ildə Minskdə keçiriləcəck II Avropa Oyunlarına vəsiqəni təmin edib. Veronika Hudis isə hər 4 alət üzrə ümumi nəticəyə əsasən, 61.250 xalla 22-ci yeri tutub.