BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının bu gün keçirilən açılış mərasimində Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.
Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov idmançıları salamlayaraq ölkəmizin nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq deyib: "Böyük yarışların təşkilatçılığının Azərbaycana həvalə olunması ölkəmizin gündən-günə çiçəklənməsinin və inkişafının bariz nümunəsidir. "Bakı-2015” ilk Avropa Oyunları, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlar Azərbaycanda yüksək səviyyədə təşkil edilib. İdmanın bütün növlərinin inkişafına qayğı ilə yanaşan Azərbaycan Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi turnirin yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yarış meydançası bütün tələblərə cavab verir. İdmançılara uğurlar və qələbə sevinci arzulayıram. Yarışı açıq elan edirəm”.