Avropa çempionatında yelkənçilərimizdən uğurlu çıxış

Avropa çempionatında yelkənçilərimizdən uğurlu çıxış


Haaqada Sxeveningen dəniz limanında "Optimist” sinfi üzrə Avropa çempionatı keçirilib. İyunun 23-dən 30-dək Optimist Avropa Çempionatı mükəmməl yelkən şəraitində baş tutub. Yelkənçilərimiz Avropa çempionatında ölkəmizi müvəffəqiyyətlə təmsil ediblər.
Çətin hava şəraitinə baxmayaraq yelkənli və digər su idmanlarına həsr olunan Avropa çempionatında uğurla iştirak edən yelkənçilərimizin yarışlarda fədakar iştirakı beynəlxalq səviyyəli məşqçilərin diqqətini cəlb edərək xüsusi rəğbətlə qarşılanıb. Təcrübəli və dünya şöhrətli yelkənçilərin iştirak etdiyi Avropa çempionatında yelkənçilərimizin Azərbaycanı təmsil etməsi və idmançılarımızın uğurlu iştirakı gələcəkdə də bu cür yarışlara daha əzmlə hazırlaşmağa əsas verir.
"Optimist” sinfi üzrə keçirilən Avropa çempionatında Azərbaycanı yelkənçilərimiz Ayla Babayeva, Murad Allahverdi, İsmayıl Kərimov, Murad İsmayılov, Murad Hacızadə, Kristina Kərimova, heyətin rəhbəri Burcu Algon Giorgianni, "Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız təmsil ediblər.
Xatırladaq ki, aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Yelkənli İdman Federasiyasının əsas məqsədi hər zaman maddi texniki bazanı gücləndirmək, məşqçi korpusunu formalaşdırmaq, komandaya yeni idmançıları cəlb etmək olub. Azərbaycan Yelkənli İdman Federasiyasında hazırda "Optimist” və "Laser” sinifləri üzrə iki komanda formalaşıb. Bu siniflər üzrə ayrı-ayrılıqda, xaricdən dəvət edilən 2 baş məşqçi fəaliyyət göstərir. Məhz xaricdən dəvət edilən idman menecerləri, yüksək göstəricilərə malik mütəxəssislərin köməyi ilə komandaların məşqləri keçirilir.
Məqsədlərə çatmaq üçün federasiya tərəfindən qabaqcıl Avropa şirkətlərindən yelkənli idman üzrə qayıqların gətirilməsi, eyni zamanda, qısa müddət ərzində beynəlxalq səviyyəli məşqçilərin Azərbaycana dəvət edilməsi təmin edilib. Bu addımların davamı olaraq 31 may - 3 iyun tarixlərində də Yelkənli İdman Federasiyasının komandasının hazırlığı, o cümlədən yerli məşqçilərin təcrübə qazanması məqsədilə təlim düşərgəsi təşkil olunmuşdu. Məşqlərin yüksəkkeyfiyyətli olması və bu istiqamətdə peşəkarlığın artırılması məqsədilə beynəlxalq səviyyəli məşqçi, 6 dünya və 4 Avropa çempionatının qalibi, 30 il məşqçi kimi fəaliyyət göstərən Dragan Gasic Yelkənli İdman Federasiyası tərəfindən təlimə cəlb edilmişdi.
Yelkənli İdman Federasiyasının gənc yelkənçisi Kristina Kərimova Sloveniyada keçirilən "Easter Regatta” adlı beynəlxalq yarışda 139 idmançı arasında 4-cü yerdə qərarlaşaraq yüksək nəticə göstərmişdi.