Futbol üzrə Türkiyə Superkuboku uğrunda oyunda ötən mövsümün superliqa çempionu "Qalatasaray" Türkiyə kubokunun qalibi "Akhisarspor"la qarşılaşıb. Baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesabı birinci hissənin 5-ci dəqiqəsində Yevqeni Seleznyovun vurduğu qolla "Akhisarspor" komandası açıb.Lakin qalatasaraylılar matçın ikinci hissəsinin 79-cu dəqiqəsində hesabı bərabərləşdirməyə nail olublar. Eren Derdiyok Yuto Naqatomonun ötürməsini qola çevirib."Qalatasaray" komandası görüşün qalan dəqiqələrində üstün oyun nümayiş etdirsə də, hesab dəyişməyib-1:1.
Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub.
Beləliklə, gərginliyi ilə yadda qalan matçda penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn "Akhisarspor" tarixində ilk dəfə Türkiyə Superkubokunun qalibi olub. "Qalatasaray"ın hücumçusu Bafetimbi Qomisin zərbəsini rəqib komandanın qapıçısı dəf edib.
Qarşılaşmanın 44-cü dəqiqəsində yaranan mübahisəli epizodda Türkiyə futbol tarixində ilk dəfə olaraq videonəzarət sistemindən (VAR) istifadə edilib.