Sentyabrın 24-də Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt Təlim-Məşq Bazasının açılış mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, ACF-nin prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Azərikimya” İB-nin sədri İmran Arzumanzadə, idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Qonaqlar tibb otağı, trenajor zalı, soyunub-geyinmə otaqları ilə tanışlıqdan sonra məşq zalına daxil olublar. Burada yeniyetmə cüdoçular məşq elementləri nümayiş etdiriblər.
Veteran cüdoçu, paralimpiya üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Əhməddin Rəcəbli qonaqları salamlayaraq, Marius Vizerlə şəxsi tanışlığının 1988-ci ilə təsadüf etdiyini xatırladıb. O, müasir tələblərə cavab verən bazanın istifadəyə verilməsinə görə ACF, "Azərikimya” və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Marius Vizer çıxışında hazırda Bakıda davam edən dünya çempionatını yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycana təbrik və təşəkkürünü çatdırıb. O, zalda gördüyü şəraitdən razılığını bildirib: "Cüdo Olimpiya idman növü olmaqdan başqa insanda xarakter, cəmiyyətə inteqrasiya tərənnüm edir. Yarışda çempion olmaq önəmlidir. Amma daha əhəmiyyətlisi həyatda çempion olmaqdır. Bunun üçün cüdoda lazımi elementlər var. Bu mərkəz məndə çox yaxşı təəssürat oyatdı. Belə zal bəxş etdikərinə görə ACF və şəhər rəhbərliyinə təşəkkür edirəm. Cüdo ailəsi olaraq, sizin naliyyətlərinizlə qürur duyuram. Hamınıza idman karyeranızda və həyatda uğurlar arzulayıram”.
Sonra rəsmi şəxslər idmançılara cüdo formaları hədiyyə ediblər.
Zakir Fərəcəv Marius Vizerə onun yağlı boya ilə çəkilmiş portretini və Sumqayıtın rəmzi sayılan göyərçin suvenirini hədiyyə edib. İcra başçısı Əhməddin Rəcəbliyə də xüsusi hədiyyə verib.