Azərbaycan cüdoçuları Yaponiya və Koreyaya yola düşüblər

Azərbaycan cüdoçuları Yaponiya və Koreyaya yola düşüblər

Azərbaycanın cüdo komandası iyunun 1-də Yaponiyaya təlim-məşq toplantılarına yola düşüb. İyulun 6-na qədər davam edəcək təlimlər Rio de-Janeyroda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Milli yığmamızın baş məşqçisi Peter Zayzenbaxerin yetirmələri bundan əvvəl ötən ilin dekabr ayında da gündoğar ölkədə hazırlıq keçiblər. Budəfəki hazırlıq müddəti bir qədər uzun olacaq. Belə ki, Yaponiyadan sonra yığmamız Koreyaya məşq toplanışına gedəcək, sonra isə yenidən Yaponiyaya qayıdacaq. Yığmanın əsas üzvlərinin, demək olar ki, hamısı, o cümlədən Elxan Məmmədov (100 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov (hər ikisi - 66 kq), Rüstəm Orucov (73 kq) və Şahin Qəhrəmanov (90 kq) toplanışda iştirak edirlər. Olimpiya çempionu Elnur Məmmədlinin (81 kq) adının bu siyahıda olmaması diqqəti cəlb edir: o, Avropa Cüdo İttifaqının (EJU) Antalyadakı məşq düşərgəsindən yenicə qayıdıb. Komandamız Yaponiya və Koreyada yerli idmançılarla yoxlama döyüşləri də keçirəcəklər.