Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib

Dekabrın 8-9-da "Judo Club 2012”nin yarış zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə birincilik keçirilib. Yarışdan əvvəl ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Turnirin açılış mərasimində çıxış edən klubun icraçı direktoru Hafis Hacıyev idmançıları salamlayaraq ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, ulu öndərimiz Azərbaycanın inkişaf strategiyasının müəllifidir.
Hafis Hacıyev bu gün Azərbaycan xalqının unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımladığını və ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycanın onun müəyyən etdiyi strateji xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan da danışan Hafis müəllim Azərbaycanın idman ölkəsi kimi tanındığını qeyd edib. O, son illərdə Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları uğurları yüksək qiymətləndirilib.
Sonra yarışlara start verilib. İdmançılar klubdaxili turnirdə 3 çəki dərəcəsi üzrə yarışıblar. 2005-2006, 2007-2008 və 2009-2011-ci illər təvəllüdlü idmançılar arasında keçirilən yarışlarda yeniyetmə cüdoçular 30 çəki dərəcəsində qüvvələrini sınayıblar. 130-dan çox idmançının mübarizə apardığı yarışın keçirilməsində əsas məqsəd cüdoçuların yarış səviyyəsini artırmaq və komandanın heyətini formalaşdırmaqdan ibarət olub.
Yarışın nəticələrinə əsasən, birinci yeri "Judo Club 2012”nin "Canavarlar” komandası tutub. "Şahinlər” ikinci, "İppon” isə üçüncü yerə sahib çıxıb. Yarışda ilk üç yeri tutan idmançılara diplom və medallar, qaliblərə isə kuboklar təqdim olunub.