2018-ci il Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) üçün kifayət qədər uğurlu illərdən biridir. Federasiya tərəfindən təşkil edilən maarifləndirici tədbirlər və layihələr təkcə yeniyetmə və gənclərdə deyil, eyni zamanda, daha yuxarı yaş qrupuna aid olan insanlar arasında da velosipedə marağı xeyli artırıb.
İlin yekunlarına həsr olunan tədbir zamanı federasiyanın 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov görülən işlər barədə ümumi məlumat verərək qeyd edib ki, ötən il ərzində Samir Cəbrayılov, Kiril Pozdnyakov, Sergey Omelçenko, Musa Mikayılzadə, Yelena Pavluxina, Kərim Şirəliyev və Viktoriya Sidorenko kimi idmançılarımız bir sıra nüfuzlu beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər. Ölkəmizdə keçirilən idman yarışlarında, xüsusi ilə də, ötən ilin iyun ayında Bakıda təşkil olunan BMX üzrə dünya çempionatının keçirilməsində Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin dəstəyini hər zaman hiss etdiklərini xüsusi olaraq vurğulayan federasiya rəsmisi bu işlərdə əməyi olanların hamısına minnətdarlığını bildirib.
Daha sonra AzVİF-in baş katibi, Beynəlxalq Velosipedçilər İttifaqının Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi Fərhad Əliyev ötən il ərzində idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi nəticələr barədə məlumat verib. 2018-ci ilin əsas idman hadisəsi təbii ki, iyun ayında ölkəmizin velosiped idmanının BMX növü üzrə (Olimpiya idman növü) dünya çempionatına ev sahibliyi etməsi idi. Fərhad Əliyev Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu yarışın da yüksək səviyyədə keçirildiyini bildirib.
Planetin müxtəlif ölkələrindən 1500-dən artıq idmançının iştirak etdiyi və 50-dən çox ölkədə canlı yayımlanan dünya çempionatının təşkilatçılıq səviyyəsi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən olduqca yüksək qiymətləndirilib. Turniri izləmək üçün ölkəmizə gələn UCI prezidenti David Lappartien Prezident İlham Əliyevlə görüşündə Azərbaycanda bütün beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini, BMX üzrə dünya çempionatının da ən yüksək standartlar səviyyəsində təşkil edildiyindən məmnunluğunu ölkə başçısının diqqətinə çatdıraraq, bütün bunlara görə dövlət başçısına minnətdarlığını bildirib.
Hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Azərbaycanın şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri dünya və Avropa çempionatları ilə yanaşı, bir sıra beynəlxalq turnirlərdə də iştirak ediblər. May ayında Türkiyənin Ordu şəhərində təşkil olunmuş Açıq çempionatda yeniyetmə qızların kriterium yarışında idmançımız Viktoriya Sidorenko fərqlənərək fəxri kürsün ən yüksək pilləsində yer alıb. Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekununda komanda hesabında bürünc medala layiq görülüblər.
İyulda qardaş ölkənin Kastamonu şəhərində keçirilən beynəlxalq turnir də idmançılarımızın uğurlu çıxışı ilə yadda qalıb. Yarışın gənclər kateqoriyasında fəxri kürsünün hər üç pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıblar. Yüz kilometrlik marşrutu Mahmud Məmmədov hamıdan tez qət edərək finiş xəttini birinci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq, 2-3-cü yerləri tutublar. Yığmamız komanda hesabında da qalib adına layiq görülüb.
Heyətində Elit və U-23 yığma komandalarımızın üzvlərinin yer aldığı "Synergy Baku Cycling Project” kontinental komandasının üzvləri də il ərzində beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Kiril Pozdnyakov Türkiyədə Alanya Qran-Prisinin, Mersin Turunun 1-ci mərhələsinin, Rusiyada "Moskvanın 5 halqası” yarışının 4-cü mərhələsinin, Belçikada "Dentergem” yarışının qalibi olub. Digər nüfuzlu yarışlarda Samir Cəbrayılov, eləcə də, Kiril Pozdnyakov mükafatalayiq yerlər tutublar. Martda Türkiyədə keçirilən Side Qran-Prisində "Synergy Baku” komanda hesabında 1-ci olub.
Dekabrın əvvəllərində Portuqaliyada keçirilən trek velosipedi üzrə ənənəvi "Prova Internacional Municipo de Anadia” turnirində yığma komandamızın üzvü Sergey Omelçenko uğurlu nəticə ilə yadda qalıb - Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yarışında təmsilçimiz keyrin növündə bürünc medala layiq görülüb və Tokio-2020 Olimpiadasına lisenzya almaq üçün öz hesabına 160 xal yazdırıb.
Azərbaycan Velosiped İdmanı Federasiyası və Beynəlxalq Velosipedçilər İttifaqı arasında şosse velosipedi üzrə U-23 yığma komandamızın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyevin İsveçrədə yerləşən Dünya Velosiped Mərkəzində 6 aylıq təcrübə keçməsi barədə razılıq əldə olunub. İdmançılarımız 2019-cu ilin yanvarından iyulunadək burada hazırlıq proseslərində iştirak edəcək və Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlarda iştirak etməklə öz ustalıqlarını artıracaqlar.
İlin son günlərində Azərbaycan Velosiped İdmanı Federasiyası BMX velosipedi üzrə dünya çempionatının yüksək təşkilatçılığına görə təltif edilib. Gənclər və İdman Nazirliyinin ilin ən yaxşılarının adlarını açıqladığı tədbirdə federasiya "İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə” xüsusi mükafata layiq görülüb.
Daha sonra AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov əldə olunmuş uğurlarla yanaşı, mövcud olan bəzi çatışmazlıqları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. İdmanda dopinqə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyindən danışan Sahib Ələkbərov uğurlu nəticələrin təmiz mübarizə şəraitində qazanılması üçün Azərbaycan Milli Antidopinq Agentliyi ilə sıx əməkdaşlıq edildiyini, dopinqdən istifadənin, ümumiyyətlə, xüsusən də yeniyetmələr arasında yolverilməz olduğunu, bu sahədə ciddi məlumatlandırma və maarifləndirmə tədbirləri aparmalı olan məşqçilər korpusunun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O, qeyd edib ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd Respublika Velotreki və BMX Veloparkı kimi mövcud idman qurğularından daha səmərəli istifadə etmək, yeniyetmə və gəncləri diqqət mərkəzində saxlamaqla onların inkişafına nail olmaq, klub və cəmiyyətlərin fəaliyyətini daha da gücləndirməkdir. Bu istiqamətdə Respublika Olimpiya Velosiped Məktəbinin fəaliyyəti müsbət nümunə kimi göstərilib.
2019-cu il üçün əsas prioritet istiqamətlərdən birinin Tokio-2020-yə lisenziya xallarının toplanması olduğunu diqqətə çatdıran Sahib müəllim artıq həm şosse, həm də trek velosipedində dördilliyin zirvə yarışına lisenziya xalları verən yarışlar silsiləsinin start götürdüyünü və prosesin ilin sonunadək davam edəcəyini diqqətə çatdırıb.
Tədbirin sonunda il ərzində fərqlənmiş idmançılardan Ayan Xankişiyeva, Nəcəf Bağırov, Nikita Sitov, Viktoriya Sidorenko və Sergey Omelçenko, məşqçilərdən Əbülfəz Məmmədov, Aleksey Qorikov və digərlərinə, həmçinin AzVİF-lə yaxından əməkdaşlıq edən qurumların nümayəndələrinə federasiyanın mükafatları təqdim edilib.