Polşalı veloturist Federasiyanın qonağı olub
Dünya turuna çıxan polşalı veloturist Lukas Oqonovski Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) qonağı olub.
AzVİF-dən verilən xəbərə görə peşəsi ingilis dili müəllimi olan 38 yaşlı qonaq bu vaxtadək 56 ölkədə olub. O, bu müddətdə 53 min kilometr məsafə qət edib.
Yeniyetmə və gənc velosipedçilərlə, həmçinin məşqçilərlə görüş zamanı polşalı turist ölkəmizdə ilk dəfə olduğunu vurğulayaraq deyib: "Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi oldum. Adətən gecəni yollarda öz çadırımda keçirirəm. Sərhədi keçdikdən sonra Böyükkəsik kəndində sakinlər məni evə dəvət etdilər, çadırda gecələməyə qoymadılar. Doğrusu, belə münasibəti, qonaqpərvərliyi gözləmirdim. Ölkənizin təbiəti də çox xoşuma gəldi. İstəyirəm ki, sizin dili, mədəniyyətinizi öyrənim”.
Azərbaycana səfərini başa vurduqdan sonra dəniz yolu ilə Qazaxıstana keçməyi planlaşdıran L.Oqonovski Asiya ölkələrinə, hətta Filippinə qədər getməyi düşünür.
Görüşün sonunda polşalı qonaq velosipedçilərin suallarını cavablandırıb.