Cüdo əfsanəsi Bakıya gələcək

Cüdo əfsanəsi Bakıya gələcək


Cüdo üzrə Fransa yığması mayın 10-12-də Bakıda keçiriləcək "Böyük dəbilqə” turnirində iştirak edəcək komandalar arasında hələlik ən böyük heyətə malikdir.
Bakı tatamisində Fransa yığmasının tərkibində 14 kişi, 14 qadın cüdoçu mübarizə aparacaq. Hər çəki dərəcəsində iki idmançı ilə təmsil olunacaq fransızların komandasında dünya cüdosunun əfsanəsi Teddi Riner (100 kq-dan yuxarı) də tatamiyə çıxacaq. Onqat dünya və ikiqat Olimpiya çempionu olan T.Riner üçün Bakı "Böyük dəbilqə” turniri Olimpiya təsnifatı baxımından ilk start olacaq. Cüdoçu son dəfə Mərakeşdə 2017-ci ildə keçirilmiş dünya çempionatında iştirak edib və qızıl medal qazanıb. Uzun müddət tatamiyə çıxmadığı üçün reytinqi aşağı düşən əfsanəvi çüdoçu üçün Bakı tatamisində qızıl medal qazanmaq vacibdir.
Qeyd edək ki, T.Riner 2011-ci ildə Bakıda "World Masters” turnirinin qalibi olub. O, indiyədək 5 "Böyük dəbilqə” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rinerdən başqa Fransa komandasında kişilər arasında Sedrik Revo, Luka Mxeidze (hər ikisi 60 kq), Kilian Le Blo, Daniel Jan (hər ikisi 66 kq), Guillaume Çaine, Bencamin Aksus (hər ikisi 73 kq), Omar Dialo, Conatan Allardon (hər ikisi 81 kq), Aksel Klerje, Aypelen Diesse (hər ikisi 90 kq), Aleksandr İddir, Sirill Mare (hər ikisi 100 kq) və Hamza Oçani (100 kq-dan yuxarı) güclərini sınayacaqlar.
Qadınlardan ibarət komandada isə Melani Klemen, Melodi Voqarni (hər ikisi 48 kq), Amandin Buşar, Astrid Qnetto (hər ikisi 52 kq), Pristillu Qnetto (hər ikisi 57 kq), Klariss Aqbenyu, Mael Di Sintio (hər ikisi 63 kq), Mari Eve Qanye, Marqo Pino (hər ikisi 70 kq), Madeleyn Malonqo, Odri Çimeo (hər ikisi 78 kq), Anne Fatumatu M Bairo və Romen Disko (hər ikisi 78 kq-dan yuxarı) yer alıblar.

İndiyədək 23 ölkədən 145 cüdoçu Bakıda keçiriləcək "Böyük dəbilqə” turnirində iştirakını təsdiqləyib.