“Shamkir Chess 2019”: Çempion mükafatına qovuşdu

“Shamkir Chess 2019”: Çempion mükafatına qovuşdu


Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019” superturnirinin bağlanış mərasimi keçirilib. Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçirilən bağlanış mərasimində Şəmkir Şəhər İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Vüqar Həşimov memorialının dünyada ən nüfuzlu turnirlərdən birinə çevrildiyini vurğulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda idmana, xüsusilə şahmata göstərilən diqqət və qayğıdan danışıb. Nazir müavini Vüqar Həşimov memorialının ölkədə şahmatın təbliğində rolunu xüsusi qeyd edib, turnirin qalibini, norveçli dünya çempionu Maqnus Karlseni təbrik edib.
Vüqar Həşimovun qardaşı, "Microsoft” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov qardaşının xatirəsinə həsr olunan "Shamkir Chess” superturnirin təşkilinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın digər növləri kimi, şahmata da yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu deyib.
FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, "Shamkir Chess 2019" turnirinin Təşkilat Komitəsinin rəhbəri Mahir Məmmədov çıxışında yarışın maraqlı partiyalarla zəngin olduğunu qeyd edib. O vurğulayıb ki, Təşkilat Komitəsi yarışı Vüqar Həşimovun adına layiq, yüksək səviyyədə təşkil etməyə ciddi səy göstərib.
Bağlanış mərasimində ənənəvi olaraq Vüqar Həşimov Şahmat Akademiyasının təsis etdiyi "Ədalətli oyun" mükafatının qalibləri elan olunub. Qaliblərə - dünya çempionu Maqnus Karlsenə və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova mükafatı Vüqar Həşimovun qardaşı Sərxan Həşimov təqdim edib.
Doqquz turdan ibarət turnirdə Maqnus Karlsen 7 xalla dördüncü dəfə qalib adını qazanıb. Dinq Liren və Sergey Karyakin 5, Aleksandr Qrişuk, Vişvanatan Anand və Teymur Rəcəbov 4,5, David Navara, Veselin Topalov 4, Şəhriyar Məmmədyarov 3,5, Aniş Giri isə 3 xal toplayıblar.
Superturnirin Təşkilat Komitəsinin rəhbəri Mahir Məmmədov yarışda birinci yeri tutan Maqnus Karlsenə "Shamkir Chess 2019”un kubokunu təqdim edib.
Sonra bağlanış mərasimi bədii hissə ilə davam edib. Bədii hissədə "Çayçı” rəqsi böyük marağa səbəb olub.
Azərbaycan Respublikasının Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Samir Cəfərovun "Azərbaycan” mahnısını üç dildə ifa etməsi hərarətli alqışlarla qarşılanıb. Beləliklə, Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan altıncı "Shamkir Chess” superturnirinə yekun vurulub.
Xatırladaq ki, norveçli dünya çempionu Maqnus Karlsen 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirin qalibi olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.