Yeniyetmə cüdoçular açıq birincilikdə

Yeniyetmə cüdoçular açıq birincilikdə

Şabran rayon 3 saylı orta məktəbinin idman zalında Qurtuluş Gününə həsr olunmuş cüdo üzrə açıq birincilik keçirilib. Yarışda Şabran məktəbliləri ilə yanaşı, Sumqayıtın "Bərgüşad” idman klubunun təmsilçiləri də mübarizə aparırdılar.


3saylı orta məktəbin direktoru Soltanmahmud Mədətov yeniyetmə cüdoçulara uğurlar arzulayaraq, ölkəmizdə idmana göstərilən dövlət qayğısından söhbət açıb. "Sevindirici haldır ki, bu gün Azərbaycanın hər bir bölgəsində idmana qayğı ilə yanaşılır. Yerlərdə inşa olunan müasir Olimpiya idman kompleksləri, qurğular uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilib. Yaradılan şərait müxtəlif növlər üzrə yarışların keçirilməsinə imkan verir. Bugünkü turnirin təşkil olunması da yeniyetmə cüdoçuların təcrübə əldə etməsi baxımından əhəmiyyətlidir. Mən yarış iştirakçılarına uğurlar arzulayıram”, - deyə o bildirib.
Çıxışlardan sonra yarışlar başlayıb. Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Şabran cüdoçuları müxtəlif çəkilərdə 3 qızıl, 2gümüş, 5 bürünc medal qazanıblar. "Bərgüşad” idman klubunun yeniyetmə cüdoçuları isə 5 qızıl və 2 gümüş medala sahib çıxıblar.
Aydın Rəvan,
Şabran rayonu