Açıq rayon birinciliyində 120 idmançı yarışıb

Açıq rayon birinciliyində 120 idmançı yarışıb


Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Cənub Qarışıq Döyüş Növləri Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində keçirilən uşaqlar və yeniyetmələr arasında cüdo üzrə açıq rayon birinciliyi başa çatıb. 3 gün davam edən yarışda Lənkəran və Masallı rayonlarını təmsil edən 120 idmançı qələbə uğrunda mübarizə aparıb.
Açıq rayon birinciliyində 2009-2011-ci il təvəllüdlü uşaqlar və 2006-2008-ci illər təvəllüdlü yeniyetmələr 11, 2003-2005-ci illər təvəllüdlü yeniyetmələr 9 çəki dərəcəsində yarışıblar. Komanda hesabında lənkəranlılar birinciliyin qalibi olublar.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sadiq Həmidov, İdarənin aparıcı məsləhətçisi Ağakişi Baloğlanlı, yarışın baş hakimi Xanağa Quliyev və Cənub Qarışıq Döyüş Növləri Mərkəzinin direktoru, cüdo üzrə Lənkəran rayon yığma komandasının baş məşqçisi Zaur Məmmədov uşaqları və yeniyetmələri qazandıqları uğur münasibətilə təbrik ediblər.
Bildirilib ki, yarışın keçirilməsində məqsəd cənub bölgəsində cüdo idman növünü təbliğ və inkişaf etdirmək, idmançıların təlim-məşq prosesini təkmilləşdirmək, onların idman ustalığını yüksəltmək, güclü və
perspektivli idmançıları aşkar etmək, rayonun cüdo üzrə yığma komandasının tərkibini müəyyənləşdirməkdir.
Qaliblərə diplomlar, medallar və hədiyyələr təqdim olunub.