Dünən Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Keçirilən iki cavab oyunu ilə Bakıda oynanılacaq finalın iştirakçıları müəyyənləşib.
"Arsenal” İspaniyada "Valensiya”nın qonağı olub. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular" cavab qarşılaşmasında da qalib gəlib - 4:2. Bununla da London klubu finala yüksəlib.
Digər matçda isə İngiltərənin daha bir təmsilçisi "Çelsi" Londonda "Ayntraxt”ı qəbul edib. Frankfurtdakı görüşdə qeydə alınan 1:1 hesabı cavab matçının əsas vaxtında da təkrarlanıb. Bu səbəbdən əlavə vaxta ehtiyac duyulub. Hesab yenə dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada 4:3 hesabı ilə qalib gələn "Çelsi" finala yüksəlib.
Beləliklə, finalda iki London klubu - "Arsenal" və "Çelsi" oynayacaq.
Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
9 may
Avropa Liqası
Yarımfinal, cavab oyunları
"Çelsi” (İngiltərə) - "Ayntraxt” (Almaniya) - 1:1 (Penaltilər seriyası - 4:3)
Qollar: Loftus-Çik, 28 (1:0), Yoviç, 49 (1:1)
İlk oyun - 1:1
"Valensiya” (İspaniya) - "Arsenal” (İngiltərə) - 2:4
Qollar: Qameyro, 11 (1:0), Obameyanq, 17 (1:1), Lyakazett, 50 (1:2), Qameyro, 58 (2:2), Obameyanq, 69 (2:3), 89 (:4)
İlk oyun - 1:3