Paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları start götürdü

Paracüdo üzrə beynəlxalq Qran-Pri yarışları start götürdü


Mayın 13-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına start verilib. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların müabrizəsində isə 10 idmançımız tatamiyə çıxacaq. Yarışın birinci günündə kişilər 60 kq, 66 kq, 73 kq, 81 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Qran-Prinin birinci günündə 12 paralimpiyaçımız tatami üzərinə çıxacaq. Onların ilk rəqibləri də müəyyənləşib. Belə ki, kişilərin yarışında Vüqar Şirinli (60 kq) Meksika idmançısı Bryan Gerardo Aburto Beltran, Namiq Abbaslı portuqaliyalı Migel Vieira, Bayram Mustafayev (hər ikisi 66 kq) Connah Anders (Böyük Britaniya)-Kadir Yıldırım (Türkiyə) cütünün qalibi, Ramil Qasımov (73 kq) yaponiyalı Takamasa Naqai, Hüseyn Rəhimli Adnan Qutic (ABŞ)-Jasque Joubert (Cənubi Afrika Respiblikası) cütünün qalibi, Murad Həziyev (hər ikisi 81 kq) Braziliya cüdoçusu Harlley Damiao Pereira Arruda ilə qarşılaşacaqlar.
Qadınların mübarizəsində isə Şəhanə Hacıyeva Lobar Xurramova (Özbəkistan)-Aygul Faizullina (Rusiya) cütünün qalibi, Gülnar Qarayeva (hər ikisi 48 kq) Türkiyə təmsilçisi Ecem Tasın, Bəsti Səfərova Argentina idmançısı Dure Rocio Ledesma, Səbinə Abdullayeva (hər ikisi 52 kq) əlcəzairli Çerine Abdellaoui, Afaq Sultanova Rusiya cüdoçusu Nataliya Ovçinnikova, Sevda Vəliyeva (hər ikisi 57 kq) ABŞ təmsilçisi Marissa Arndt ilə üz-üzə gələcəklər.
Turnirə mayın 14-də yekun vurulacaq.
Qran-Pri "Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.