Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı "Horizon Park Classic” yarışı keçirilib. Birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın və Belarusun "Lviv” və "Minsk” kontinental klublarının velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov da mübarizə aparıb.
Təmsilçilərimiz 112 km məsafəni 2 saat, 37 dəqiqə, 23 saniyəyə qət etməklə müvafiq olaraq 8-ci və 10-cu nəticə göstəriblər. Bununla da həm Elçin, həm də Samir ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.