Məktəbli şahmatçılar Oğuzda yarışırlar

Məktəbli şahmatçılar Oğuzda yarışırlar

İyunun 25-də Oğuz Olimpiya İdman Kompleksində məktəblilər arasında Respublika şahmat turniri start götürüb.
26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş yarışda respublikanın ayrı-ayrı rayonlarını təmsil edən məktəbli zəka sahibləri qüvvələrini sınayırlar.Respublika şahmat turnirinin açılış mərasimində "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) direktoru Cəfər Hümbətov, Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Olimpiya Komitəsinin məsul işçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) direktoru Cəfər Hümbətov bu yarışın əhəmiyyətindən, şahmatın uşaq və yeniyetmələrin dünyagörüşünü formalaşdırmasından danışıb: "Ölkəmizdə idmanın bütün növlərinə diqqət və qayğıdan danışarkən, şahmata göstərilən dövlət qayğısını xüsusilə qeyd etmək olar. Bu gün bu turnirə qatılan məktəblilər öz qüvvə və bacarıqlarını nümayiş etdirəcəklər. Məlumat üçün bildirim ki, artıq azərbaycanlı şagirdlər şahmatı bir fənn kimi öyrənirlər. Məktəblərdə bu layihə tətbiq olunmağa başlanılıb. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov Təhsil Nazirliyi ilə "Məktəbdə şahmat” adlı müqavilə imzalayıb. Bu razılaşmaya əsasən, dünya təcrübəsini nəzərə alaraq, ümumtəhsil məktəblərinin ibtidai siniflərində şahmatın bir fənn kimi tədris olunması məqsədəuyğun hesab edilib. Bu yeniliklə ölkəmiz bir sıra Avropa ölkələrini qabaqlayıb. Nəinki Avropa, hətta dünyanın bir sıra ölkələrində bu barədə fikir mübadiləsi aparılsa da, hələ ki, çoxları şahmatın bir fənn kimi məktəblərdə uşaq və yeniyetmələrə tədrisi üçün ortaq məxrəcə gələ bilməyiblər. Ölkəmizdə isə artıq bu istiqamətdə müəyyən işlər görülüb. Belə ki, 2011-ci ilin yanvar ayından respublikamızın 85 pilot məktəbinin 2-ci sinif şagirdləri arasında şahmatın tədrisinə başlanılıb.
Həyata keçirilən bu əməli fəaliyyəti məhz "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi haqqında Dövlət Proqramı”nın icrası kimi qiymətləndirmək olar. İnanırıq ki, ölkəmizdə dövlət səviyyəsində şahmata göstərilən diqqət və qayğı sayəsində bu sahə bundan sonra da inkişaf edəcək. Bu şəraitdən qaynaqlanan təmsilçilərimiz ölkəmizi beynəlxalq miqyaslı yarışlarda layiqincə təmsil edirlər. Ümid edirəm ki, bu yarışda iştirak edən məktəblilər yaxın gələcəkdə Azərbaycanın ən güclü şahmatçıları sırasında yer alacaqlar. Hər bir iştirakçıya uğurlar arzulayıram”, - deyə Cəfər müəllim bildirdi.
Sonra çıxış üçün söz Oğuz rayon İcra Hakimiyətinin başçısı Eyvaz Qurbanova verildi. O, çıxışında Azərbaycanda idmanın yüksək sürətlə inkişafından, idmançılarımızın qazandıqları nailiyyətlərdən söz açdı:
"Hamıya məlumdur ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə bu sahə üzrə böyük işlər görülüb. İndiyə qədər Azərbaycan bir sıra mötəbər idman yarışlarına layiqincə ev sahibliyi edib. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Ölkəmizdə idmanın bütün növlərinə maraq və həvəs var. Bu idman növlərindən biri də şahmatdır. Şahmat intellektual idman növüdür. Uşaq və yeniyetmələrin şahmata cəlb olunması təqdirəlayiq bir haldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il mayın 5-də "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamı ölkəmizdə şahmatın inkişafı istiqamətində atılmış uğurlu addım kimi qiymətləndirmək olar. Respublikanın əksər şəhər və rayonlarında yeni şahmat binaları tikilib, bəziləri isə yenidən təmir olunaraq uşaq və yeniyetmələrin ixtiyarına verilib. Təkcə paytaxtda deyil, eləcə də bölgələrdə yeni şahmatçılar ordusu formalaşır. Bu gün ölkənin ən bacarıqlı və intellektual məktəbliləri bu yarışa toplaşıblar. Yarışın keçirildiyi Oğuz Olimpiya-İdman Kompleksində nəinki şahmat, eləcə də, digər idman növləri üzrə müxtəlif yarışlar keçirilib. 2008-ci ilin sentyabrın 20-də istifadəyə verilən bu idman qurğusunda idmançılar üçün böyük şərait yaradılıb. Yarışlarla yanaşı, yığma komandalar öz təlim-məşq toplanışlarını bu idman kompleksində keçirirlər. Oğuz Olimpiya İdman Kompleksində onlara göstərilən diqqət və yaradılan şərait hamının ürəyincədir. Çıxışımın sonunda bu yarışda iştirak edən hər bir zəka sahibinə qələbə və uğurlu çıxış arzulayıram”.
Milli Olimpiya Komitəsinin məsul işçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev tədbirdə çıxış edərək, şahmatın Azərbaycanda böyük ənənəyə malik olduğunu, bu növün hamı tərəfində sevildiyini bildirib:
"Azərbaycanda qədim ənənələri olan şahmat sevilən idman növlərindən biridir. Hələ ötən əsrin 70-ci illərində ölkəmizdə idmana, o cümlədən şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilib. Azərbaycanda idmanın yüksəlişi uzaqgörən şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev intellektual idman növü olan şahmatın inkişafına xüsusi önəm verib. Ümummilli lider insanın yalnız fiziki cəhətdən sağlamlaşdıran idman növlərinin deyil, həm də əqli inkişafa, analitik düşüncə tərzini formalaşdırmağa, yaradıcılıq qabiliyyətinə müsbət təsir göstərən bu növün inkişafını həmişə diqqət mərkəzində saxlayıb. Məlumdur ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 70-ci illərin sonlarında və 80-ci illərin əvvəllərində ölkənin bütün bölgələrində şahmat məktəbləri, şahmat klubları açılıb. Nəticədə, respublikada şahmat böyük sürətlə inkişaf etməyə başlayıb, müxtəlif yaş dərəcələri üzrə qrossmeysterlər, dünya çempionu yetişib. Şahmatın inkişafına göstərilən yüksək səviyyədə dövlət qayğısı, kütləviliyin təmin edilməsi istiqamətində görülən işlər öz bəhrəsini verir. Ölkədə şahmat məktəbləri yenidən fəaliyyətlərini genişləndirib və yeni perspektivli istedadlar üzə çıxıb. İnanırıq bu yarışlar məktəbli şahmatçılar üçün böyük təcrübə məktəbinə çevriləcək. Onlar gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər”.
Çıxışlar başa çatdıqdan sonra şahmat yarışına start verilib. Qeyd edək ki, yarış iyulun 3-nə qədər davam edəcək.

Anar Əhmədov