Gənc zəka sahiblərimiz Serbiyadan uğurlu nəticə ilə döndülər

Gənc zəka sahiblərimiz Serbiyadan uğurlu nəticə ilə döndülər

İyunun 27-də Serbiyanın Novisad şəhərində keçirilən şahmat üzrə yeniyetmələr arasında Avropa çempionatına yekun vurulub. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışda azərbaycanlı zəka sahibləri ilə yanaşı Serbiya, Türkiyə, Rusiya, İsrail, İngiltərə Latviya, Bosniya və Hersoqovinanı təmsil edən şahmatçılar yarışıblar. Gənc zəka sahiblərmizin qitə çempionatındakı çıxışını uğurlu saymaq olar. Belə ki, təmsilçilərimizdən Ümid Aslanov 7 yaşınadək oğlanların yarışında 7 xal toplayaraq Avropa çempionu adını qazanıb. 9 yaşlı oğlanların qrupunda yarışan 2 saylı UGŞİM-in təmsilçisi Əhməd Əhmədzadə 7,5 xalla ikinci yeri tutub. 11 yaşlı oğlanların mübarizəsində isə ilk iki yerə təmsilçilərimiz layiq görülüb. Belə ki, 8,5 xal toplayan Rauf Muxtarov birinci, 7 xala malik olan Rəvan Əliyev isə ikinci olub. Yaşı 15-ə dək olan oğlanların mübarizəsində isə İlkin Rəhimli 6 xalla bürünc medala sahib olub. Qız şahmatçılarımız da turnirdə uğurlu nəticə ilə yadda qalıb. 9 yaşlı qızların yarışında iştirak edən Səbinə Rzalı 8 xalla 2 yeri tutub. 13 yaşlı qızların qrupunda mübarizə aparan Xanım Balacayeva 7,5 xalla fəxri kürsünün ən yüksək pilləsinə layiq görülüb. Yaşı 15-ə dək olan qızların yarışında isə təmsilçimiz Nərmin Məhəmmədova 7,5 xal toplayaraq gümüş medala sahib olub. Sonuncu tura qədər ilk üçlükdə qərarlaşan 2 saylı saylı Uşaq - Gənclər Şahmat İdman Məktəbinin gənc şahmatçısı sonuncu turdan məğlub olaraq turniri 6 xalla 5-ci pillədə başa vurub.

Azər