Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında velosiped idmanının şosse növünə yekun vurulub. Bu gün idmançılar fərdi startla yürüşdə qüvvələrini sınayıblar. Start xəttinə ayrı-ayrılıqda çıxan velosipedçilər arasında iki Azərbaycan təmsilçisi də yer alıb. Elçin Əsədov finişə 36 dəqiqə 50,80 saniyəyə çatıb. O, yarışı 29-cu pillədə başa vurub. Samir Cəbrayılov məsafəni 37 dəqiqə 39,39 saniyəyə qət edib. Həmyerlimiz 37 idmançı arasında 31-ci olub. Yarışın qalibi adına isə belaruslu Vasil Kiryenka yiyələnib. O, finişə 33 dəqiqə 3,34 saniyəyə çatıb.