Polşanın paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışlarına yekun vurulub.
Qitə birinciliyinin son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. Ən ağır çəkidə (+90 kq) mübarizə aparan Hüseyn Məmmədov Avropa çempionatının bürünc medalını qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Matias Anglioninə qalib gəlib.
Beləliklə, Azərbaycan cüdoçuları Avropa birinciliyini 1 qızıl və 3 bürünc medalla başa vurublar.
Polşa turnirinin ilk günündə Turan Bayramov (60 kq) qızıl, Kamran Süleymanov və Nicat Məmmədli (hər ikisi 55 kq) bürünc medala sahib olub.
Qeyd edək ki, Varşavada qitənin ən nüfuzlu yarışında 39 ölkədən 431 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycanı yarışda 18 idmançı (10 oğlan, 8 qız) təmsil edib.