“Təhsil” RİM-in şahmatçılarının möhtəşəm qələbəsi

“Təhsil” RİM-in şahmatçılarının möhtəşəm qələbəsi


İyunun 20-28-də Serbiyanın Novi Sad şəhərində şahmat üzrə məktəblilər arasında 6-cı Avropa çempionatı keçirilib.
Hər il olduğu kimi, bu il də "Təhsil” Respublika İdman Mərkəzinin (RİM) məktəblilərdən ibarət yığma komandası 274 nəfərin iştirak etdiyi yarışda uğurla çıxış edərək 8 medala layiq görülüb. Komandamızın üzvləri bu yarışda vətənə 3 qızıl, 4 gümüş və 1 bürünc medalla qayıdıblar.
6 yaş qrupu üzrə keçən yarışda şahmatçılarımız fərqli nəticələrlə diqqət çəkiblər. Belə ki, Novi Sad şəhərində keçirilən yarışda Xanım Balacayeva (Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi) qızıl medal qazanıb.
Bakı şəhər 1saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin yetirməsi Ümid Aslanov da bu yarışda birinci yerə layiq görülüb.
Rauf Murtuzov (Naxçıvan şəhər Uşaq-Gənclər Şahmat Məktəbi) da eyni nəticəni qazanıb. Nərmin Məmmədova (RİOEUGŞM) komandamızın aktivinə gümüş medal yazdırıb. Əhməd Əhmədzadə (Bakı şəhər 2 saylı UGŞDM), Rəvan Əliyev, Səbinə Rzalı da (hər ikisi (Sumqayıt şəhər 3 saylı UGŞM) gümüş medal sevincini yaşayıblar. İlkin Rəhimli (RİOEUGŞM) isə yarışı bürünc medalla başa vurub. Komanda hesabında Azərbaycanın 1-ci komandası 2-ci, 2 -ci komandası isə 3-cü yerə çıxıb.
İbrahim Məmmədov,
"Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini,
Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim