Cüdoçularımız fərdi yarışların son günündə 1 qızıl və 1 bürünc medal qazanıblar

Cüdoçularımız fərdi yarışların son günündə 1 qızıl və 1 bürünc medal qazanıblar

Heydər Əliyev adına İdman Arenasında keçirilən XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında fərdi görüşlərə yekun vurulub. 
Yarışların üçüncü günündə qızlar 70 kq və +70 kq, oğlanlar 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində mübarizə aparıblar. Fərdi yarışların son günüdə Azərbaycanın dörd idmançısı tatami üzərinə çıxıb.
Təmsilçilərimizdən +90 kq çəki dərəcəsində çıxış edən Hüseyn Məmmədov (+90 kq) və Məhərrəm İmamverdiyev (81 kq) mükafatçılar sırasında yer alıb. 


Mübarizəyə 1/8 finaldan başlayan ən ağır çəkili cüdoçumuz Hüseyn Məmmədov ilk görüşdə Almaniya təmsilçisi Daniel Udsilaurini mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə yunanıstanlı Aris Aristotelis Leonidisə də qalib gələn H.Məmmədov yarımfinala vəsiqə qazanıb. Cüdoçumuz finala vəsiqə uğrunda görüşdə moldovalı Alin Baqriyə qalib gəlib. Həlledici görüşdə rusiyalı Ahmed Maqomadova qalıb gələn cudoçumuz Avropa Gənclər Olimpiya Festivalının qızıl 
medalına layiq görülüb. 
Komandamıza bürünc medalı isə Məhərrəm İmamverdiyev (81 kq) qazandırıb. Mübarizəyə 1/16 finaldan 
başlayan cüdoçumuz ilk görüşdə rumıniyalı Vlad Topalaya (Rumıniya) qalib gəlsə də növbəti mərhələdə ukraynalı Timur Valıevə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici görşlərdə iştirak edən cüdoçumuz ardıcıl olaraq İsveç və Slovakiya idmançısına qalıb gəlib. Həlledici görüşdə israilli İftak Badaşı da üstələyən  cudoçumuz Bakı-2019-un gümüş medalına sahib çıxıb. 
Festivalda 90 kq çəki dərəcəsində çıxış edən Ruslan Nəsirli isə ilk görüşdə bolqarıstanlı Borislav Vladova məğlub olaraq mübarizəni dayandırıb. 
Komandamızın digər üzvü Nərmin Əmirli (70 kq) səkkizdəbir finalda hollandiyalı Yael Van Hemstə məğlub olub. Təsəlliverici görüşdə iştirak edən xanım cüdoçumuz bu dəfə rusiyalı Yelizaveta Postnıkova məğlub olaraq yarışları mükafatsız başa vurub. 
Beləliklə, Azərbaycan cüdoçuları Avropa Gənclər Olimpiya Festivalının fərdi yarışlarını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.  
Qeyd edək ki, iyulun 27-də qarışıq komanda yarışları keçiriləcək.