Cüdo üzrə yığma komandamız Avropa Gənclər Olimpiya Festivalının fərdi yarışlarını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurdu. Əldə olunan bu nailiyyəti komandamız üçün yüksək nəticə hesab etmək olar.
Bu sözləri "olimpiyadunyasi.com" saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı deyib. Federasiya rəsmisi qeyd edib ki, yığmamız bu nəticə ilə cüdo üzrə medal qazanan komandalar arasında üçüncü pillədə yer alıb.
"Cüdoçularımız yarışın son günündə bir qızıl
və bir bürünc medal qazanaraq ölkəmizin
aktivinə növbəti medalları yazdırdılar. Komandamız ümumilikdə üç gün ərzində 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq fərdi yarışları 6 medalla başa vurdu.
Bürünc medal qazanan idmançılardan biri də xanım cudoçumuzdur. Digər bir xanım cüdoçumuz isə üçüncü yer uğrunda görüşdə məğlub olaraq beşinci yerlə kifayətləndi. Nəticələr göz qabağındadır. Əldə olunan nəticələri komandamız üçün uğurlu saymaq olar. Cüdo yığmamız komanda hesabında üçüncü yeri tutdu. Oğlanların komanda hesabında isə yığmamız birinci oldu.
Komandamızı bu qələbə münasibəti ilə təbrik edirəm. Yeniyetmə idmançılarımızı qarşıda Qazaxıstanda keçiriləcək dünya birinciliyi gözləyir. Ümid edirəm ki, yığmamız həmin yarışda da uğurla çıxış edərək ən azı burdakı nəticələri təkrarlayacaq", - deyə Elmar Babanlı bildirib.