
İngiltərənin "Kristal Pelas” komandasının fransalı futbolçusu Mamadu Sako dopinq-test yoxlaması ilə bağlı səhvə görə Ümumdünya Antidopinq Agentliyini (WADA) məhkəməyə verib. Britaniyada çıxan "Guardian” qəzetinin yazdığına görə, Sako ona 16 milyon avro ödənilməsini tələb edir.
2016-cı ilin aprel ayında İngiltərənin "Liverpul” komandasında oynayan Mamadu Sakonun dopinq-probunda piy yandıran preparatlar aşkar ediləndən sonra o, 30 günlüyə futboldan kənarlaşdırılıb. Nəticədə fransalı futbolçu 2016-cı il Avropa Liqasının finalında və Avropa çempionatında çıxış edə bilməyib. Sonradan Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) futbolçuya bəraət qazandıraraq bildirib ki, həmin maddə WADA tərəfindən qadağan edilmiş preparatlar siyahısına daxil deyil. 2017-ci ilin sentyabrında "Liverpul” fransalı futbolçunu "Kristal Pelas” komandasına satıb.
29 yaşlı futbolçunun vəkilləri iddia edirlər ki, Sako "Liverpul”dan getməsi nəticəsində əməkhaqqı şəklində 16 milyon avro ziyana düşüb. WADA isə bununla bağlı məsuliyyəti üzərinə götürmək istəmir.