UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" komandası səfərdə "Dinamo" klubu ilə qarşılaşıb.
Tbilisidə Boris Payçadze adına stadiondakı matçda Azərbaycan komandasının heyətində ilk onbirlikdə Anar Nəzirov, Amin Seydiyev, İvitsa Juniç, Rasim Ramaldanov, Qismət Alıyev, Davit Volkov, Klesio Bauk, Asif Məmmədov, Kristian Kuaku, Fernan Lopez, Merab Qiqauri meydana çıxıblar.
Finlandiyalı baş hakim Petri Vilyanenin idarə etdiyi görüş 3:0 hesabı ilə Gürcüstan təmsilçisinin xeyrinə yekunlaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində hesab açılmayıb - 0:0.
"Dinamo"nun üstünlüyü şəraitində keçən ikinci hissədə rəqib komandanın heyətində Levan Şengeliya 68-ci və 88-ci dəqiqələrdə dubla imza atıb. Son dəqiqələrdə isə Kvame Karikari daha bir qol vurub.
Beləliklə, Azərbaycan kubokunun sahibi olan "Qəbələ" öz meydanında olduğu kimi, səfərdə də məğlub olaraq avroliqada mübarizəni dayandırıb.
Xatırladaq ki, komandalar arasında iyulun 25-də Qəbələ şəhərində keçirilmiş ilk matçda "Dinamo" 2:0 hesabı ilə qalib gəlmişdi.