Milli komandamıza ilk medalı cüdoçumuz qazandırıb

Milli komandamıza ilk medalı cüdoçumuz qazandırıb

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Dünya Universiadası davam edir. Artıq Universiadada medal qazanan idmançıların adları məlumdur. Sevindirici haldır ki, medal əldə edən dövlətlər arasında ölkəmizin də adı var. Belə ki, Azərbaycan millisinin heyətində yer alan cüdoçümüz dünən axşam saatlarında komandamıza ilk medalı qazandırıb. 81 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyev fərqlənib. O, bu mübarizədə Maykl Harrison (ABŞ), Tomaz Kosta (Portuqaliya), Senqsu Lii (Koreya), Yaromir Yezekə (Çex Respublikası) qalib gələrək yarımfinala qədər irəliləyib. Lakin cüdoçumuz bu mərhələdə yaponiyalı rəqibi Takanori Nagaseyə uduzub. Bürünc medal uğrunda qarşılaşmada isə tələbə atletimiz çinli Hayuan Qauya qalib gəlib. Əldə olunan bu medaldan sonra millimiz cədvəldə hələlik, 32-ci yerdə qərarlaşıb.Medalın əyarına görə isə komandamız 26-cı pillədədir. Cədvəldə ən çox medalı ev sahibləri qazanıblar. Şimal qonşularımız hələlik 12 qızıl, 3 gümüş, 13 bürünc medala sahib çıxıblar. Həm əyara görə, həm də medalların sayına görə ruslar birinci pillədədirlər. Cənubi Koreya ölkəsi isə 5 qızıl, 1 brünc medalla ikinci pillədə yer alıb. İlk üçlüyü isə Çin tamamlayır. Asiya təmsilçisinin aktivində 3 qızıl, 7 gümüş və 3 bürünc medal var.
Qeyd edək ki, ölkəmizlə yanaşı, Latviya, Hollandiya, Rumıniya, Çin Taypeyi və Türkiyə komandası eyni nəticəni göstəriblər.

Xatırladaq ki, Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin XXVII Dünya Universiadasının açılış mərasimi iyulun 6-da keçirilib. 50 min tamaşaçı tutumuna malik Kazan Arenada təşkil edilən mərasimdə Rusiya prezidenti Vladimir Putin, Beynəlxalq Tələbə İdmanı Federasiyasının (FİSU) prezidenti Klod Lui Qalyen, Tatarıstan prezidenti Rüstəm Minnixanov və digər rəsmi şəxslər iştirak ediblər. 170 dövlətin iştirakıyla keçirilən açılış mərasimində Azərbaycanın bayrağını daşımaq şərəfi Sinqapur-2010 Yay Olimpiya Oyunlarının çempionu, ağırlıqqaldıran Nicat Rəhimova həvalə olunub. İdmançılar adından Olimpiya çempionu Aliyə Mustafina, hakimlər adından isə üçqat Olimpiya çempionu Yevgeni Sadov and içiblər. Rusiya prezidentinin yarışları açıq elan etməsindən sonra Universiadanın məşəlini ölkənin məşhur idmançıları hokkeyçi Nail Yaqubov, voleybolçu Yekaterina Qamova, paralimpiyaçı İrek Zarirov və cüdoçu Tahir Naybulayev alovlandırıblar.