“Sabah” və “Dinamo” klubları arasında saziş imzalanıb

“Sabah” və “Dinamo” klubları arasında saziş imzalanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə Bakının "Sabah” və bu ölkənin "Dinamo” futbol klubları arasında idman sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə dair saziş imzalanıb.
"Dinamo”nun "Maksimir” stadionunun Mavi salonunda təşkil olunan imzalanma mərasimində "Sabah” futbol klubunun prezidenti Maqsud Adıgözəlov, seleksiya üzrə direktor İlqar İsrafilov və Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, Xorvatiya tərəfindən isə "Dinamo” klubunun prezidenti Mirko Barişiç, idarə heyətinin sədri Vlatka Peras, idarə heyətinin üzvləri Amra Peternel, "Dinamo” futbol məktəbinin direktoru Damir Krznar və müavini Andelko İvanko iştirak ediblər.
Mərasimdə səfir F.Qurbanov bildirib ki, Xorvatiya futbolu bütün dünyada məşhurdur və "Dinamo” ilə əməkdaşlıq Azərbaycan futboluna əhəmiyyətli dərəcədə töhfə verəcək. Diplomat vurğulayıb ki, Azərbaycan milli komandasının keçmiş və hazırkı baş məşqçiləri Xorvatiya yığmasının keçmiş oyunçuları Robert Prosineçki və Nikola Yurçeviç olublar.
"Sabah” futbol klubunun prezidenti M.Adıgözəlov "Dinamo” kimi böyük bir klubla əməkdaşlıq sənədinin imzalanmasından məmnunluğunu ifadə edib.
"Dinamo” klubunun prezidenti Mirko Barişiç deyib ki, bu saziş təkcə iki klub arasında deyil, Xorvatiya ilə Azərbaycan arasında da uğurlu əməkdaşlığın növbəti addımıdır.