Avqustun 16-da Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyası rəsmilərinin rəhbərliyi ilə Bakıda 3-cü beynəlxalq seminar keçirilib.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə paytaxtımızda olan komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin köməkçisi Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səlimi (İran) Rusiyadan, İrandan və Türkmənistanla birgə, yerli hakim və məşqçilərə seminarın nəzəri hissəsində son yeniliklər və dəyişikliklərlə bağlı ətraflı məlumat veriblər.
WKF-in Hakimlər Komissiyasının rəsmiləri seminar iştirakçılarını maraqlandıran suallara cavab verib, müxtəlif döyüş vəziyyətlərində yaranan halların hakimlər tərəfindən qiymətləndirilməsi məqamlarını aydınlaşdırıblar.
Federasiyanın baş katibi Mirhəsən Seyidov, İdarə heyətinin üzvləri Fizuli Musayev, Oqtay Məmmədov, Mircabbar Seyidov və Hakimlər komitəsinin sədri Cahangir Babayev seminarı izləyiblər.
Seminarda karate üzrə milli komandanın üzvləri ilə yanaşı, "Judo Club 2012”nin milli dərəcəli hakimləri, karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyev də iştirak edib.
Klubun üzvlərinə seminarın sonda sertifikatlar təqdim olunub.