Paytaxtımız 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək

Paytaxtımız 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək

Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Nikaraquanın Manaqua şəhərində keçirilən iclasında qəbul edilmiş qərara əsasən 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub.
Martın 11-13-də Milli Gimnastika Arenasında təşkil olunacaq çempionatdan əvvəl isə martın 2-7-də Dünya Yaş Qrupu yarışları da Bakıda keçiriləcək.
Ardıcıl bir neçə ildir mötəbər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən AGF-i qarşıda digər mühüm çempionatlar da gözləyir. Belə ki, bu ilin əsas yarışı – sentyabrın 16-22-də Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının başlamasına artıq bir aydan da az vaxt qalıb. Növbəti il isə aerobika ulduzları dünya çempionatında yarışmaq üçün paytaxtımızda toplaşacaqlar. 2021-ci ildə isə Bakı batut gimnastikası üzrə dünya birinciliyinə ev sahibliyi edəcək.