İlin ən yaxşıları müəyyənləşib

İlin ən yaxşıları müəyyənləşib

"Liverpul” klubunun hollandiyalı müdafiəçisi Virjil van Deyk UEFA versiyasına görə 2018-2019-cu il mövsümünün ən yaxşı futbolçusu seçilib. Mükafatlar avqustun 29-da Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması mərasimi çərçivəsində təqdim edilib. İlin futbolçusu adına "Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və "Barselona”nın argentinalı hücumçusu Lionel Messi də namizəd idi. Lionel Messi UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşı hücumçusu, Frenki De Yonq ("Ayaks”) ən yaxşı yarımmüdafiəçi, Virjil van Deyk ən yaxşı müdafiəçi, Alison Beyker ("Liverpul”) isə ən yaxşı qapıçı nominasiyalarının qalibi olublar. Tədbirdən ilin ən yaxşı qadın futbolçusunun da adı açıqlanıb. Qadınlar arasında Fransanın "Lion” klubunun ingiltərəli sağ cinah müdafiəçisi Lüsi Bronz ən yaxşı qadın futbolçu adını qazanıb.
Qeyd edək ki, tədbirdə həmçinin Çempionlar Liqasında 2019-2020-ci illər mövsümündə qrup mərhələsinin matçlarında oynanılacaq top da ictimaiyyətə təqdim olunub.ÇL-in rəsmi "Tvitter" səhifəsində verilən xəbərə görə, top "Adidas" şirkəti ilə birgə hazırlanıb.