“İlin ən yaxşıları” Milanda müəyyənləşib

“İlin ən yaxşıları” Milanda müəyyənləşib


Dünən axşam FIFA "İlin ən yaxşıları" müsabiqəsi üzrə qaliblərin adını açıqlayıb. Milan şəhərində keçirilən qala gecəsində ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə yeddi nominasiya üzrə mükafatlar təqdim olunub.
FIFA-nın prezidenti Canni İnfantino üç namizəd - Lionel Messi, Kriştiano Ronaldo, Vircil van Deyk kişi futbolçular arasında "The Best FIFA Football Awards" mükafatının qalibinin adını elan edib. Səsvermənin nəticələrinə əsasına, İspaniyanın "Barselona” futbol klubunun kapitanı, argentinalı dünya ulduzu Lionel Messi bu mükafata layiq görülüb. Bununla da o, altı dəfə bu mükafatı qazanan ilk futbolçu kimi tarixə düşüb.
İngiltərənin "Liverpul” futbol komandasının baş məşqçisi Yürgen Klopp isə ən yaxşı baş məşqçi nominasiyasında Pep Qvardiola ("Mançester Siti”) və Maurisio Poçettinonu ("Tottenhem”) qabaqlayıb.
Milanda həmçinin "Best FIFA Football Awards 2019” çərçivəsində ən yaxşı qadın futbolçu nominasiyasının qalibi müəyyənləşib. ABŞ-ın futbol yığmasının yarımmüdafiəçisi Meqan Rapino FIFA tərəfindən "İlin ən yaxşı qadın futbolçusu” elan edilib. Bildirilib ki, o, milli komanda ilə birlikdə dünya çempionu olub. Mükafata, həmçinin daha bir amerikalı futbolçu Aleks Morqan və İngiltərə yığmasının müdafiəçisi Lyusi Bronz iddialı olublar.
Qeyd edilməlidir ki, FIFA-nın ən yaxşıları nominasiyalarında qaliblər azarkeşlər və dünyanın 200 aparıcı media təmsilçisi (səslərin 50 faizi) və milli futbol komandalarının aparıcı oyunçuları və məşqçiləri (səslərin digər 50 faizi) tərəfindən səsvermə əsasında seçilir.