Qrossmeysterimiz Çində liderliyi ələ alıb

Qrossmeysterimiz Çində liderliyi ələ alıb

Çinin paytaxtı Pekində keçirilən kişilər arasında şahmat üzrə FİDE "Qran-pri” mərhələsinin axırıncı beşinci turniri davam edir. Yarışın altıncı turunda ölkəmizi təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov qara fiqurlarla turnirin lideri Sergey Karyakinlə (Rusiya) qarşılaşıb. 95-ci gedişdə təmsilçimiz rəqibinin "şah”ını "mat” edib. Şahmatçımız bu qələbə ilə turnirin liderlər siyahısında yer alıb.
Yeddinci turda isə qrossmeysterimiz Şəhriyar Məmmədyarov ağ fiqurlarla sabiq dünya çempionu Veselin Topalov (Bolqarıstan) ilə qarşılaşıb. Həmin görüşdə sabiq dünya çempionu "şah”ını qurban verib. Bununla da şahmatçımız Çində keçirilən Qran-pridə 7 oyundan 5 xal toplayaraq turnirdə liderliyi ələ alıb. O, Aleksandr Qrişukla eyni sayda xal toplayıb. Qeyd edək ki, bu gün şahmatçımız çinli rəqibi Vanq Yue ilə üz-üzə gələcək.
Məlumat üçün bildirək ki, 11 turdan ibarət olan yarışlar iyulun 17-də başa çatacaq.