Mərakeşdə keçirilən usta cüdoçular arasında dünya çempionatı davam edir. Çempionatın ikinci günündə M-1 və M-3 kateqoriyaları üzrə yarışlar keçirilib. Rekord sayda idmançının iştirak etdiyi turnirin ikinci günündə "Judo Club 2012”nin 5 üzvü tatami üzərinə çıxıb. Təmsilçilərimizdən Məmməd Məmmədov M-1 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına layiq görülüb. Mübarizəyə 1/16 finaldan başlayan M.Məmmədov Almaniya, İrlandiya və Fransa idmançılarını məğlub edərək yarımfinala yüksəlib. Usta cüdoçumuz bu mərhələdə daha bir fransalı idmançı Arnaud Qranteni mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Həlledici görüşdə tacikistanlı Mustafo Kasanova da qalib gələn Məmməd Məmmədov dünya çempionatında komandamıza ikinci qızıl medalı qazandırıb. Qeyd edək ki, veteranlar arasında ilk dəfə bu titula yiyələnən M.Məmmədov həmçinin, Avropa çempionatının da ikiqat qalibidir. Komandamızın digər üzvü Babək Hacıyev (M-3, 60 kq) isə Almaniya və Fransa idmançılarına qalib gəlsə də, növbəti mərhələdə barziliyalı rəqibi Kristian Çezarioya məğlub olaraq 7-ci yerlə kifayətlənib. Xatırladaq ki, yarışların ilk günündə veteran cüdoçumuz Fərhad Rəcəbli (M-7, 90 kq) bütün rəqiblərinə qalib gələrək 9-cu dəfə dünya çempionu adını qazanmışdı. 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) usta cüdoçunun iştirak etdiyi dünya çempionatına oktyabrın 13-də yekun vurulacaq. Qeyd edək ki, veteran cüdoçularımızın yarışda iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin olunub.